Logo

“QARABAĞDA quruculuq işlərinə fayda verməyə hazıram”

23.10.2021 13:03 88 baxış
IMG

Şahin Atakişiyev, Alberta Universitetinin doktorantı: “Kanadada əldə etdiyim bilik və təcrübələri azad olunan ərazilərimizdə tətbiq etmək çox sevindirici olar”

Məlumdur ki, qloballaşan dünyanın çağırışlarına cavab verən ali təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyinin təmin olunmasında  mühüm faktorlardan hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf  istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi gənclərə həm elmi tədqiqatlarla məşğul  olmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradır. Dövlət Proqramına müraciət edən, proqramın verdiyi imkanlardan yararlanaraq öz tədqiqatçılıq səriştə və bacarıqlarını daha da təkmilləşdirmək, ali təhsilimizin inkişafına töhfə vermək arzusu ilə yaşayan gənclərdən biri də “2019-2023 Dövlət Proqramı” çərçivəsində Kanadanın Alberta Universitetində “Süni intellekt”  ixtisası üzrə doktorantura təhsili (PhD) alan Şahin Atakişiyevdir. Ş.Atakişiyevlə söhbətimizə onun təhsil illərindən körpü salırıq.

Tanıtım.1993-cü il yanvarın 27-də Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. 2010-cu ildə adıçəkilən kənd tam orta məktəbini bitirib. Eyni ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 645 bal toplayaraq Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) “Kompüter mühəndisliyi” (ingilis dilində) bölümünə qəbul olub. 2015-ci ildə Kanadanın Alberta Universitetindən qəbul təklifi alaraq 2016-cı ilin yanvarından 2018-ci ilin yanvarına qədər burada “Proqramlaşdırma mühəndisliyi və intellektual sistemlər” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2019-cu ilin sentyabrında isə Alberta Universitetinin təqaüdünü qazanaraq Kompüter Elmləri Departamentində “Süni intellekt” ixtisası üzrə doktorantura təhsilinə başlayıb.  2020-ci ilin mayında  “2019-2023 Dövlət Proqramı”na qəbul olunub. Həmçinin, 2020-ci ilin mayında doktorantura tədqiqatı üçün Kanadanın  “Huawei Technologies” şirkətinin üçillik dəstəyini (Huawei Doctoral Fellowship) də qazanıb. Bu müddətdə il yarıma yaxın Kanadada iki texnologiya şirkətində süni intellekt mühəndisi kimi də çalışıb.

Təhsilə yatırılan investisiyalar çox önəmlidir

- Dövlət Proqramının təhsilinizdə rolu, əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Təhsilə, elmi tədqiqatlara yatırılan investisiyalar çox önəmlidir və bu baxımdan xaricdə təhsil üzrə Dövlət Proqramının bizlərə çox böyük faydası var. Bu proqram yüzlərlə gəncə dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa kömək edir, onlara maddi dəstəyə və gənclərin bütün diqqətini təhsilə ayırmalarına imkan yaradır.  Təhsilə yatırılan investisiyanın ölkənin gələcəyinə, sosial və iqtisadi inkişafına töhfə verən ən önəmli məsələlərdən biri olduğuna tam şəkildə inanıram. 

Ölkə başçısı tərəfindən xaricdə növbəti təhsillə bağlı Dövlət Proqramının hazırlanması barədə sərəncam imzalanıb. Xaricdə təhsil alan bir gənc kimi ali təhsilə dövlət dəstəyi və diqqəti barədə fikirlərinizi bölüşərdiniz...

- Bu təşəbbüsü çox yüksək qiymətləndirirəm. Dövlətin təhsilə göstərdiyi dəstəyi təqdir, proqramdan çox sayda gənclərimizin yararlanmasını arzu edirəm. Bu gənclərin təhsili, dünyagörüşü və təcrübələrilə həm ölkə daxilində xidmətləri ilə, həm də xaricdə ən yüksək səviyyədə ölkəmizi təmsil edəcəklərinə inamım böyükdür.

Tədqiqat layihəm süni intellekt və qeyri-səlis məntiq metodları hazırlamaqdır

Doktorant təhsili aldığınız universitet və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz?

- Alberta Universiteti Kanadanın və dünyanın ən aparıcı, yüksək reytinqli universitetlərindən biridir və hazırda universitetdə 40 min tələbə təhsil alır. Universitet elmi-tədqiqatlara çox üstünlük verir və burada tələbə və professorların ən üst səviyyədə tədqiqatlar aparması üçün hər cür imkan və laboratoriyalar var. Sadə nümunə göstərsək, 2020-ci il tibb üzrə Nobel mükafatına Alberta Universitetindən professor Maykl Hauton  layiq görüldü.

Doktorantura üzrə tədqiqat layihəm avtonom (sürücüsü olmayan) nəqliyyatlar üçün təhlükəsiz və izah edilə bilən süni intellekt və qeyri-səlis məntiq metodları hazırlamaq və bu metodları real həyatda tətbiq etməkdən ibarətdir. Hazırda sürücüsü olmayan nəqliyyatlar üzrə araşdırmalarda çox böyük irəliləyişlər var, hətta bir sıra inkişaf etmiş ölkələrdə pilot layihə olaraq yollarda hərəkət edən avtonom maşınları görə bilərik. Bununla belə, avtonom nəqliyyatların iştirakı ilə bir sıra yol hadisələri da olur ki, bu da bəzi hallarda onların süni intellektlə işləyən idarəetmə sistemindəki xətalardan dolayı baş verir. Ona görə də bu növ sistemlərin süni intellekt əsaslı proqram təminatının daha da təhlükəsiz olmasına və sistemin kritik anlardakı qərarlarını izah edə bilməsinə ehtiyac vardır. Bizim tədqiqatımızda da əsas istiqamət anlaşıqlı süni intellekt sistemi hazırlayaraq avtonom nəqliyyatları daha da təhlükəsiz etməkdir ki, bu da yol qəzalarını minimuma endirə və insanların həyatını xilas edə bilər. 

Tədqiqatlarınız ölkəmiz, təhsil sistemimiz və xüsusən də tərəfdaş ali təhsil müəssisəsi üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər?

- İnkişaf etmiş ölkələrin, o cümlədən Kanadanın təhsil sisteminə nəzər yetirsək, burada universitetlərdə professor və tələbələrin tədrislə yanaşı tədqiqatlara da çox zaman ayırdığını müşahidə edirik. Və burada ən önəmli məsələlərdən biri də belə ölkələrdə dövlət və universitetlərin elm sahəsində işləyən insanlara lazımı elmi və maddi dəstəyi göstərməsidir. Aktual və önəmli bir sahə olması baxımından süni intellekt də tədris və tədqiqat sahəsi kimi təhsil sistemimizə və ali təhsil müəssisələrimizə çox böyük fayda verə bilər. Məsələn, tərəfdaş ali təhsil müəssisəsində Süni İntellekt Laboratoriyası quraraq həm akademik, həm də sənaye yönümlü tədqiqatlarla  dünya universitetləri arasında nüfuzunun artmasına, həm də tədqiqat nəticələrinin sənaye, iqtisadiyyat, istehsalat, idarəetmə, tibb və s. kimi sahələrdə real problemləri həll edərək ölkəmizin inkişafındakı töhfəsinə nail ola bilərik.  

Universitet tədqiqat aparan bütün tələbələri maliyyələşdirir

- Alberta Universitetində tələbələrin elmi tədqiqatlara cəlb olunması  sahəsində nə kimi müsbət təcrübəni qeyd edə bilərsiniz?

-Alberta Universiteti demək olar burada magistr və doktorantura səviyyələrində tədqiqat aparan bütün tələbələri maliyyələşdirir, onların təhsil haqqını ödəyir və həmçinin tələbələri aylıq yaşayış xərcləri ilə təmin edir. Məsələn, hazırda işlədiyim tədqiqat universiteti tələbələri 2019-cu idən başlayaraq 2024-cü ilə qədər 5 illik maliyyələşdirir. Bundan əlavə, tələbələr konfranslarda öz tədqiqat işlərini təqdim etməyə gedəndə də universitet bütün səfər xərclərini ödəyir. Həmçinin universitetdə tələbələr sahələri üzrə bütün elmi jurnalların və konfransların materiallarını rahat şəkildə əldə edə bilir. Burada ən çox xoşa gələn cəhətlərdən biri insanların daim yeniliyə, innovasiyaya, öyrənməyə meyilli olmasıdır. Universitet də innovativ ideyası olan insanları hər zaman cəlb edərək onları elmi və praktiki ideyalarını həyata keçirmək üçün hər cür imkanla təmin edir. Bundan əlavə, universitet daim böyük sənaye, texnologiya şirkətləri ilə sıx münasibətdə olur, tələbələrin bu şirkətlərdə istər təhsil aldıqları dövrdə təcrübə keçməsinə, istərsə də məzuniyyətdən sonra tam stajlı işçi kimi işləməsinə köməklik göstərir. Həmçinin bu şirkətlər onların tədqiqatını da maliyyələşdirə bilir. Ona görə də Alberta Universitetində tədqiqatçı tələbə kimi işləməyin, istər tələbələrin gələcəkdə universitetlərdə, tədqiqat institutlarında, istərsə də sənaye sahəsində çalışmasına yol açması baxımından çox müsbət tərəfləri var. 

Təhsil hibrid formatda davam edir

- Pandemiya universitetinin tədris prosesinə və tədqiqatlarınızın gedişinə necə təsir göstərib? Hazırda tədris necə və hansı formatda davam edir?

- Dünyanın hər bir yerində olduğu kimi, Kanada universitetləri, o cümlədən də Alberta Universiteti pandemiya dövründə təhsilin yüksək səviyyədə davam etdirilməsi baxımından çətinliklərlə qarşılaşdı. Təqribən 2020-ci ilin martından 2021-ci ilin avqustuna qədər dərslər və tədqiqatlar əsasən onlayn davam etdirildi. Amma mövcud epidemioloji vəziyyəti nəzərə alaraq müəyyən sahədə işləyən tədqiqatçılara bu dövrdə universitetə gələrək işlərini davam etdirməyə icazə verildi. Xoşbəxtlikdən, pandemiya dövründə icazə ilə və epidemioloji qaydalar çərçivəsində əksər vaxt universitetə gələrək tədqiqat işimi burada davam etdirə bilmişəm. Deyərdim ki, bu dövrdə tədqiqatım təqribi plana uyğun formada gedirdi, sadəcə tələbə yoldaşları və professorlarla real ünsiyyət qura bilməmək müəyyən mənada mənfi cəhət oldu. Xoşbəxtlikdən, 2021-ci ilin sentyabrından başlayaraq ənənəvi tədris bərpa olunub, universitetin həm inzibati, həm də akademik heyəti, yəni tələbələr, tədqiqatçılar, professorlar universitetə gələrək ənənəvi  formada dərslərini davam etdirirlər, bəzi dərslər isə həm də onlayn formatda keçir. Beləliklə, hazırda təhsil hibrid formatda - həm ənənəvi, həm də onlayn formada davam edir. Müntəzəm olaraq universitetdə laboratoriyamıza gedərək tədqiqat işimi davam etdirirəm.

Soydaşlarımızın birliyini görmək çox qürurverici hal idi

- Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır. Torpaqlarımızın işğaldan azad olunmasını və Böyük Qələbəmizi  bir gənc olaraq necə izlədiniz?

- Torpaqlarımızın işğaldan azad olunması, təbii ki, çox sevindirici hadisə oldu. İllərlə Vətən, Ana Yurd həsrətində olan soydaşlarımızın həsrəti çox şükür, sona çatdı. Təbii ki, buna torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin, qardaşlarımızın - qazilərimizin sayəsində nail olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı yetirsin, şəhidlərimizin, qazilərimizin və onların ailələrinin haqqı heç bir zaman ödənə bilməz.

Kanadada yaşayan azərbaycanlılar olaraq biz də müharibə dövründə həm fərdi, həm də birgə olaraq burada aidiyyəti  qurumlara və dövlətin ən yüksək pilləsinə qədər Qarabağla bağlı faktları, dəlilləri və həqiqətləri çatdırmağa çalışdıq. İstər Ana Vətəndə, istərsə də dünyanın dörd bir tərəfində birləşərək Qarabağla bağlı həqiqətləri dünyaya çatdıran soydaşlarımızın birliyini görmək həqiqətən millət olaraq çox qürurverici hal idi. Bizlər də bundan sonra milli kimlik duyğularımızı hər zaman yaşadaraq həm ölkəmizdə, həm də xaricdə ölkəmizi ən yaxşı şəkildə təmsil etməliyik.

 Qarabağımızda bərpa işləri gedir. Bir gənc olaraq xaricdə əldə etdiyiniz bilik və təcrübəyə söykənərək azadlığa qovuşan torpaqlarımızda elm, İKT, süni intellekt əsaslı fəaliyyətlərlə bağlı nə kimi düşüncələriniz var?

- Düşünürəm ki, azad olunan torpaqlarımız coğrafi ərazisi və mühiti ilə ölkəmizin elmi, iqtisadi, sosial və mədəni inkişafına yönəlmiş planların uğurla həyata keçirilməsi baxımından çox əhəmiyyətli yer tutur. Kanadada süni intellekt, qeyri-səlis məntiq və İKT sahəsində əldə etdiyim bilik və təcrübələri azad olunan ərazilərimizdə elmi-tədqiqatlara və yüksək texnologiyalara əsaslanan infrastrukturun qurulmasında tətbiq etmək şəxsim adına çox sevindirici olar. Ölkəmizin inkişafı və xalqımızın daha da firavan yaşaması üçün Qarabağda quruculuq işlərinə fayda verməyə hazıram.

- Doktorantura təhsilinizdən gözləntiləriniz, gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Qarşıdakı üç ildə doktorantura tədqiqatımı ən üst səviyyədə davam etdirib avtonom nəqliyyatların süni intellekt sisteminin daha da təhlükəsiz və qərarlarını şəffaf şəkildə izah edə bilməsinə və əldə edilən nəticələrin ən önəmli elmi jurnallarda dərc olunmasına nail olmaq istəyirəm. İnsan mərkəzli, şəffaf və etik Süni İntellekt və Qeyri-Səlis Məntiq sahəsi bu günün və gələcəyin elmidir. Ona görə də bundan sonra da universitet və ya elmi-tədqiqat mərkəzlərində sahəm üzrə tədqiqatları davam etdirmək, laboratoriyamı qurmaq və gənclərimizi buraya dəvət edərək onlarla bərabər ölkəmizə və dünyaya fayda verəcək layihələr üzərində çalışmaq istəyirəm.

Oruc MUSTAFAYEV

Xəbər lenti