Logo

BDU-da "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimlər başa çatıb

23.10.2021 16:18 87 baxış
IMG

22 oktyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı  və  Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimlərin bağlanış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova  çıxış edərək bu təlimlərin media nümayəndələri üçün vacibliyini vurğulayıb. S.Qəhrəmanova bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, eyni zamanda ötən il “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” imzalanıb. Ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib.

BDU-nun rektoru Elçin Babayev belə vacib bir təlimin keçirilmə məkanı olaraq peşəkar jurnalist kadrlar hazırlayan BDU-nu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, məişət zorakılığı problemi dünyanın bütün ölkələrində bu və ya digər formada mövcuddur. Onun qarşısının alınması ilə bağlı müəyyən tədbirlər var ki, onlardan istifadə etməklə müsbət nəticələrə əldə etmək olar. Bununla bağlı ölkəmizdə də sistemli işlər görülür. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Cəmiyyət bilməlidir ki, məişət zorakılığı vətəndaş  cəmiyyətinin əsaslarına ciddi zərbə vurur.

Daha sonra təlim iştirakçılarına sertfikatlar təqdim edilib.

Qeyd edək ki, 19-22 oktyabr tarixlərində BDU-da keçirilən təlimlərdə iştirakçılara məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, bu məsələ ilə bağlı məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə informasiya verilib, fikir mübadiləsi aparılıb. Məişət zorakılığının yazılı formada işıqlandırılmasına dair təlimatlar verilib. İştirakçılar arasında müvafiq sahə üzrə qanunvericilik mövzusunda qrup işləri təşkil olunub. Təlimləri avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Thomas Hainlen aparıb.

Xəbər lenti