Logo

Azərbaycanda kolleclərə verilən yeni status tələbələrə nə qazandıracaq?

25.10.2021 01:10 631 baxış
IMG

Ölkəmizdə fəaliyyət göstərən bır sıra kollecə publik hüquqi şəxs statusunun verilməsi onların idarəetməsini təkmilləşdirəcək, tədrisin keyfiyyətini artıracaq, əmək bazarına uyğun kadrların hazırlanmasını stimullaşdıracaq

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Ölkəmizdə fəaliyyət göstərən bır sıra kollecə publik hüquqi şəxs statusu verilib. Baş nazir Əli Əsədovun imzaladığı qərar yeni olsa da, əslində, məsələ bir neçə il əvvəldən gündəmdə idi. Kolleclərin indiyə qədərki fəaliyyətlərinin qənaətbəxş olmaması bu qərarın verilməsində rol oynayıb. Belə ki, bir növ “məzun” istehsalı ilə məşğul olan orta ixtisas müəssisələrinin buraxılışları nə əmək bazarının tələblərinə, nə də müasir standartlara cavab verib. Ekspertlər də ölkənin 54 orta ixtisas təhsili müəssisəsində təhsil alan 58 minə yaxın tələbəni əmək bazarında görə bilmədiklərini narahatlıqla qeyd edirlər.

Yeni qərar publik hüquqi şəxs statusu verilən 20-ə yaxın kollecin fəaliyyətinə şamil edilib. Əsas sual kolleclərin bundan sonrakı fəaliyyətlərində yaranacaq dəyişikliklə bağıdır.

Publik hüquqi şəxs nədir?

Qeyd edək ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs adi hüquqi şəxsdən fərqli olaraq kifayət qədər imtiyazlara sahibdir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də, mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

İş tapmaqda çətinlik

Publik hüquqi şəxs statusu alan və 95 müəllimi, 900-ə yaxın tələbəsi olan Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namik Ağayev “Kaspi”yə açıqlamasında yeni statusun rəhbərlik etdiyi müəssisəyə və ya digər kolleclərə hansı üstünlüyü qazandıracağını deməkdə çətinlik çəkir: “Bu, bağlı qapıdır. Yalnız açılandan sonra bilinəcək. İndi bizim müstəqil idarəetməmiz və məktəb rəhbərliyi kimi heç bir hüququmuz yoxdur. Publik hüquqi şəxslər haqqında qanuna görə, bundan sonra kolleclərə müəyyən muxtariyyət veriləcək”. Direktor kollecin əvvəlki statusuna toxunaraq məzunlarının iş tapmaqda çətinlik çəkdiyini bildirdi: “Kolleclərdə çox istedadlı tələbələr oxuyur. Onların bir qismi subbakalavr kimi daxil olur. Kolleci bitirəndə isə iş tapmaqda çətinlik çəkirlər. Onları əmək bazarına yönləndirmək lazımdır”. Direktor kolleclərin fəaliyyətinin qənaətbəxş olmaması fikri ilə razılaşmır: “Düşünmürəm ki, kolleclər günün tələblərinə cavab vermir. Düzdür, Oksford və ya Kanada universitetləri deyil, amma cəmiyyət üçün normal vətəndaş yetişdirə bilirik”. Bununla belə, direktor yeni statusun kolleclərə fayda gətirəcəyinə şübhə etmir: “İnanıram ki, təhsilimizin xeyrinə olacaq”.

Tədris keyfiyyətli olmayanda

Ekspertlərin fikrincə, yeni qərar kolleclərə yeni yanaşma gətirməlidir. Belə ki, həmən kolleclər bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına yox, daha çox göstərdikləri xidmətə görə maliyyələşəcəklər.

Təhsil eksperti Kamran Əsədovun qərara münasibəti müsbətdir: “”İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir”. Ekspert kolleclərin əksəriyyətində tədrisin yüksək səviyyədə olmadığını qeyd edir: “Bu gün xüsusən ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin kolleclərə üz tutduğunu görürük. Çünki gələcəkdə subbakalavr kimi ali məktəblərə qəbul olmaq imkanı var. Bu o demək deyil ki, kollec məzunları zəifdir. Əksinə, kifayət qədər savadlı kollec məzunları var. Sadəcə olaraq, bir çox kollecdə tədris keyfiyyətli deyil”.

Milyonlarla vəsaitə qənaət

K.Əsədov hesab edir ki, təhsil müəssisələrinin əksəriyyəti publik hüquqi şəxsə çevrilməlidir: “Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər. Bu, 100 milyonlarla büdcə vəsaitinə qənaət etməyə imkan yaradacaq. Eyni zamanda istedadlı, Qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki, bir müddətdən sonra bu, təhsil sisteminə də şamil olunacaq. Bir çox ali və orta ixtisas təhsili müəssisələri var ki, onlar əhalidən gəlir əldə edirlər. Belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq?”

Ən yaxşı format?

“Təhsil sisteminə aid çoxlu bina, torpaq resursu, texnika, avadanlıq mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur. Belə olmasın deyə həmin müəssisələrə publik hüquqi şəxs statusunun verilməsi ən yaxşı formatdır.
Belə olan halda şişirdilmiş xərclərə, dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasına da ehtiyac olmur. Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki?”

Başqa çıxış yolu olmayanda

Yeni statusun kolleclərə müstəqillik, müasir tədris planları və vəsaitləri qazandıracağı müsbət haldır. Bu, onların həm idarəetmə, həm də maliyyə muxtariyyətinə stimul yaradacaq. Təbii ki, effektiv idarəetmə olanda, həmin kolleclərin qarşısına standart tələblər qoyulanda, monitorinq aparılıb nəticələr tələb olunanda, maliyyə resurslarının düzgün idarə olunmasına nəzarət olanda hesabatlılıq da, şəffaflıq da artacaq. Onda kolleclər üzərlərinə düşən vəzifəni daha səmərəli icra etməyə çalışacaqlar. Çünki başqa çıxış yolu yoxdur.

Xəbər lenti