Logo

Şəhidin anım mərasimində məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib

25.10.2021 16:16 50 baxış
IMG

Ucar rayonunun Alpout kəndində Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri, kəşfiyyatçı Kərim Məhəmmədəli oğlu Əliyevin şəhadətə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimi olub. Mərasim rayon rəhbərliyinin, şəhid ailələrinin, kənd sakinlərinin iştirakı ilə şəhidin məzarı yanında keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasim iştirakçıları igid Vətən oğlunun məzarı üstünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Çıxışlarda cəmi 23 il ömür sürən və həyatını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qurban verən Kərimlə bağlı xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir gənc olduğu vurğulanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə işğalçı erməni silahlı qüvvələrinin diz çökdürülərək məğlub edildiyi, tarixi torpaqlarımızın geri qaytarıldığı diqqətə çatdırılıb, Kərim və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Mərasimdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Kərim Məhəmmədəli oğlu Əliyev 1998-ci il avqustun 23-də Ucarın Alpout kəndində anadan olub. 2015-ci ildə orta təhsilini başa vurub. Həqiqi hərbi xidmətdən sonra 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qayıdıb. 2019-cu ildə XTQ-nin hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2020-ci il oktyabrın 19-da Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşdə şəhid olub və oktyabrın 24-də böyüyüb boya-başa çatdığı doğma kəndində dəfn olunub.

Prezidentin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər lenti