Logo

“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

25.10.2021 16:23 548 baxış
IMG

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, rayonun aktiv qadınları, təhsil işçiləri və gənclərin qatıldığı videokonfransı giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Təranə Bayramova dövlətin əsas prioritet sahələrindən olan qadın siyasətinə toxunub.  Bildirib ki, ölkəmizdə qadın problemləri daim dövlətin diqqətindədir. Buraya ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər daxildir. T.Bayramova, həmçinin qadınların maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında dini maarifçilik işinin həyata keçirilməsi, xurafatla mübarizə, eyni zamanda cəmiyyətimizi narahat edən digər məsələlərin aradan qaldırılmasında qadınların fəal iştirakı və rolununun əhəmiyyətindən danışıb. Qadınların həyatda layiqli mövqe tutmasında onların təhsilinin əvəzolunmazlığını vurğulayan şöbə müdiri cəmiyyətin inkişaf prosesində tam iştirak etmək üçün lazım olan bilik, bacarıq və özünə inamı gücləndirməyin ən əhəmiyyətli vasitələrindən birinin təhsil olduğunu bildirib.

E.Kərimova qızların təhsili ilə bağlı dünyadakı vəziyyətə nəzər salarkən, onların təhsildən uzaq qalmasının səbəblərinə toxunub. Bildirib ki, təhsil və müxtəlif elmi mövzularda qadınların özlərini inkişaf etdirmə azadlığı İslam dininin çox əhəmiyyət verdiyi məsələlərdəndir. Şöbə müdiri çıxışını “bir qızın təhsili gələcəyə, dünyamızın gələcəyinə - inkişaf edən, dinc və davamlı bir dünyaya qoyulan sərmayədir” fikri ilə yekunlaşdırıb.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva çıxışında cəmiyyətimizdə son günlərdə qadınların ailədaxili zorakılığa və diskriminasiyaya məruz buraxılma hallarına diqqət çəkib. Erkən nikaha daxil olma, qadınlar arasında narkotik vasitələrin istifadə və satışına məcbur edilməsi hallarına rast gəlinməsi barədə də danışan şöbə müdiri vurğulayıb ki, ailədaxili problemlərin bir çoxu qızların erkən yaşda nikaha cəlb olunmasından qaynaqlanır. Cəhalətdən doğan erkən nikahın bəzi sterotiplər, təhsildən uzaqlaşma, ailələrin “qayda-qanun”ları, maddi çətinlik kimi amillərdən qaynaqlandığını deyib. Eyni zamanda dini bilgilərin düzgün mənbələrdən əldə edilməsinin vacibliyindən söz açan Y.Əliyeva bəzi qrupların öz məqsədlərinə nail olmaq üçün dini vasitəyə çevirməsinin ciddi fəsadlara yol açdığını deyib. Yalnız düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsməyin, bu qüvvələrin qarşısını almağın mümkün olacağını söyləyib.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Maarifçilik yolunda Azərbaycan qadınları” mövzusundakı təqdimatında tarixdə ictimai fəallığı və sosial statusu ilə fərqlənən Azərbaycan qadınlarından bəhs edib. Bildirib ki, Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. Öncül Azərbaycan qadınlarından nümunələr gətirən natiq qadınların təhsili barədə statistik rəqəmlərə diqqət çəkib.  

Videokonfrans müzakirələrlə yekunlaşıb.

Xəbər lenti