Logo

LDU ilə ADMİU arasında Anlaşma Memorandumu imzalanıb

25.10.2021 17:10 147 baxış
IMG

Bu gün, oktyabrın 25-də Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında Anlaşma Memorandumunun  imzalanması mərasimi keçirilib.

Hər iki ali təhsil ocağında  mədəniyyət və incəsənət  sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, təhsil, elm və təcrübənin  uzlaşdırılması, elmi-pedaqoji fəaliyyətlərin əlaqələndirilməsi məqsədi daşıyan Memorandumun imzalanmasına həsr olunan  mərasimi  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, prof.Ceyran xanım Mahmudova açıb.

Lənkəran Dövlət Universiteti ilə ADMİU arasında son illərdə yaranan  yaranan  əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ali təhsil ocağı üçün faydalı olduğunu bildirən C.Mahmudova  universitetin müəllim və tələbə heyətinin Lənkəran Dövlət Universitetinə olan  işğüzar səfərlərinin səmərəli olduğunu xüsusi vurğulayıb.

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov çıxışında LDU-da son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açıb.

Bildirib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə  birgə tələbə  hazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən  də LDU  ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək , tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq  niyyətindədir.

Qeyd edək ki, Anlaşma Memorandumunu Lənkəran  Dövlət Universitetinin  adından rektor Natiq İbrahimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adından  rektor Ceyran Mahmudova imzalayıblar.

İmzalanan  Memoranduma əsasən tərəflər  bundan sonra  mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı ilə bağlı fəaliyyətlərini əlaqələndirəcək, ikili diplom təhsilinin təşkilini təmin edəcək, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanması, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması, yaradıcılıq üzrə müsabiqə və baxışların, seminarların təşkilini  təmin  edəcəklər.

Eyni zamanda,Memorandum çərçivəsində   tədris, elmi tədqiqat, təcrübə prosesində professor-müəllim heyətinin və tələbələrin birgə iştirakı, universitetlərin tələbə təşkilatları arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin yaradılması, təcrübə mübadiləsi həyata keçiriləcəkdir.

Anlaşma Memorandumu imzalandıqdan sonra tərəflər bir-birinə xatirə  hədiyyələri  təqdim edib. Mərasimin ən yaddaqan anlarından biri Lənkəran sərgisinin açılışı olub.Sərgidə  ADMİU tələbələrinin Lənkərana yaradıcılıq səfəri zamanı çəkdikləri rəsm əsərləri sərgilənib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.

Xəbər lenti