Şanlı Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini və yerini göstərməsi hər birimizin ruhunda qürur və ləyaqət duyğusunu alovlandırır. Azərbaycan torpaqlarının təcavüzkar ünsürlərdən təmizlənməsi hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı üçün, ilk növbədə, namus və şərəf məsələsidir.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Rossiya-1” telekanalına müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məğzi, cəbhədəki vəziyyət kifayət qədər sərrast şəkildə izah olundu və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ölkə başçısının vurğuladığı kimi, ordumuzun hazırda uğurla apardığı hərbi əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq birliyin tanıdığı hüdudları daxilində baş verir. Biz öz torpaqlarımızı XXI əsrin ən böyük bəlasından - işğalçı qüvvələrdən azad edirik. Bu prosesin tarixi məsuliyyəti bütün qanunları və beynəlxalq normaları heçə sayaraq qonşu dövlətin hüdudlarına soxulan qüvvələrin və onlara havadarlıq edənlərin üzərinə düşür.
Bu gün erməni silahlılarının Qarabağ torpağında olması müasir tarixə yanlış istiqamət verən qüvvələrin amansız təxribatı kimi qiymətləndirilməlidir. Azərbaycan torpaqlarının işğalına rəvac verən bu təxribat böyük bəşəri faciə yaradıb: bir milyona yaxın insan on illər boyu öz yurdunda didərgin həyatı yaşamağa məhkum edilib. Bu məhkumluq şəraitində yeni nəsil dünyaya gəlib.
Tarixin ən ibrətamiz dərslərindən biri də budur ki, bu gün müqəddəs torpağımız uğrunda rəşadətlə vuruşan, böyük şücaət və qəhrəmanlıq göstərən gənclərimizin böyük əksəriyyəti Qarabağsız Azərbaycanda dünyaya gələn yeni nəslin nümayəndələridir. Onların öz qan yaddaşına, şərəf yaddaşına göstərdiyi misilsiz sədaqət ən yüksək ehtirama layiqdir.
Onlar Vətən uğrunda vuruşurlar!
Yaşlısından körpəsinə qədər bütün Azərbaycan xalqı öz ordusunun yanındadır. Bu cümlələri qeyd edərkən qulağımda Səməd Vurğunun misrası səslənir: “Könlüm keçir Qarabağdan...” Artıq böyük şərəf və qürur hissi ilə deyə bilərik ki, şanlı Ordumuz keçir Qarabağdan... Düşmən isə hər an öz məğlubiyyətini dərk edərək geri çəkilir. Bu gün Ermənistanın müxtəlif ərazilərinə Qarabağda aparılan hərbi əməliyyatlar zamanı məhv edilmiş silahlıların cənazələri göndərilir. “Onların Azərbaycanda nə işi vardı? Onlar nəyin qurbanı oldular?” Qoy tarix və tarixə şəkil verənlər bu suallara da cavab versinlər!
Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatacaqdır. Bu yolda addımlamaq bizim üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir...
http://rupor.az/ordumuz-keir-qarabadan
Məti Osmanoğlu,
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti