Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən üç nəfərin şəkilləri yayılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində ölən şəxslərin adlarını açıqlayıb:
“Azərbaycan Tibb Universitetinin üç tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir”.