Logo

Şagirdlərin Şəxsi İnkişaf Platforması hazırlanır

28.10.2021 10:39 672 baxış
IMG

T-Network təhsil işçilərinin təcrübə və kommunikasiyla platforması Təhsil Nazirliyinin dəstəyi ilə Şagirdlərin Şəxsi İnkişaf Platforması adlı yeni layihə üzərində işləyir. 

Tehsil.biz xəbər verir ki, platforma çərçivəsində 21-ci əsrin bacarıq və səriştələri ilə əlaqəli  müxtəlif mövzularda azərbaycan dilində  video məzmunlar hazırlanacaq və nümayiş etdiriləcək, eyni zamanda əyani və onlayn görüşlər, ustad dərsləri təşkil olunacaq. 

Zamanın idarə olunması mövzusunda ilk ustad dərsi 29 oktyabr saat 19.00-da baş tutacaq. 8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan ustad dərsi “Karnegi klubu”nun rəhbəri, təlimçi Nəcəf Allahverdiyev tərəfindən aparılacaq. Görüşə müvafiq link vasitəsi ilə keçid etmək mümkündür: https://meet.tnetwork.club/meeting/a61e18e0168fff667e59793fb6b5b01c

Qeyd edək ki, Şagirdlərin Şəxsi İnkişaf Platformasının əsas məqsədi şagirdlərin şəxsi inkişafını dəstəkləməklə onlarda Azərbaycançılıq ideyasını və milli kimliyi inkişaf etdirmək, onların vətənpərvərlik, tarix, milli-mənəvi, multikultural dəyərlər, sağlamlıq, könüllülük, mənəvi inkişaf, təşəbbüskarlıq kimi mövzularda maariflənməsini təmin etmək, onlarda 21-ci əsrin bacarıqları və səriştələrinin inkişafını təmin etmək, bir sözlə, nümunəvi Azərbaycanlı olmalarını dəstəkləməkdir.  

Şagirdlərin Şəxsi İnkişaf Platforması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

Layihənin gedişində hazırlanan  müxtəlif videolar platformanın saytında ödənişsiz olaraq yerləşdiriləcək. Platforma bu yaxınlarda ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti