Ali təhsil müəssisələrində tələbələrin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) və Rəqəmsal Təhsil sahələrinə olan marağının artırılması, eləcə də təhsil sahəsində mövcud problemlərə innovativ həll yollarının araşdırılması məqsədilə 2021-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə EdTech Startap Müsabiqəsi keçiriləcək.
Tehsil.biz xəbər verir ki, müsabiqədə ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrin iştirakı nəzərdə tutulmuşdur. Yarışmanın əsas məqsədi tələbələr tərəfindən hazırda ölkəmizdə təhsil sahəsində olan boşluq və problemləri müəyyənləşdirib, onları aradan qaldırmaq üçün texnoloji həllər ehtiva edən layihələrin təqdim etməkdən ibarətdir. Tələbələr komanda şəklində bir problem və onun həlli üzərində bir ay müddətində işləyərək, sonda öz layihələrini qiymətləndirmə komissiyasına təqdim edəcəklər. Ən yaxşı layihə təqdim edən komandalar üçün xüsusi mükafatlar nəzərdə tutulmuşdur.
Müsabiqə ilə bağlı məlumat ⬇️
1. Tələbələr 1-12 noyabr tarixlərində verilmiş mövzular arasında seçim edib öz
komandalarını qeydiyyatdan keçirməlidirlər.
2. 25-26 noyabr tarixlərində qeydiyyatdan keçmiş komandalar öz layihələrini təsvir edən qısa videonu jüriyə göndərməlidirlər. İlkin mərhələdə seçilən 10 komanda finala keçəcəkdir.
3. 10 finalçı komandaya mentorlar təyin olunacaqdır. Finala qədər komandalar mentorlarla birlikdə layihəni təkmilləşdirəcəklər.
4. Final 10 dekabr tarixində yekun tədbir zamanı baş tutacaqdır. Komandalar öz
layihələrini dəvət olunmuş jüriyə təqdim edəcəklər və qiymətləndiriləcəklər. İlk üç yerin
qalibləri öz layihələrini reallaşdırmaq üçün ilkin investisiya qazanacaqdır:
1-ci yer: 10 000 AZN
2-ci yer: 7 000 AZN
3-cü yer: 4 000 AZN