Logo

ADA Universiteti “Mənim Qarabağım” mövzusunda onlayn mühazirələrə başlayıb

30.11.2020 14:31 515 baxış
IMG

ADA Universitetinin Tələbə və məzun xidmətləri şöbəsi “Mənim Qarabağım” mövzusunda onlayn mühazirələrə başlayıb.

 

Bu barədə ADA Universitetindən məlumat verilib. Bildirilib ki, şöbənin vətənpərvər təşəbbüsü ilə təşkil edilən onlayn tədbirlərdə müxtəlif çıxışçılar Qarabağ bölgəsinin tarixi, coğrafi mövqeyi, mədəni irsi haqqında mühazirə söyləyirlər. Hər həftə keçiriləcək onlayn mühazirələrdə Qarabağ və ətraf yeddi rayon barədə hər bir Azərbaycan vətəndaşının, eləcə də xarici auditoriyanın bilməsi lazım gələn faktlardan bəhs ediləcək.

 

Bu faktlar informasiya müharibəsində olduğumuz indiki şəraitdə tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında və yanlış məlumatların qarşısının alınmasında istifadə edə biləcəyimiz yararlı məlumatlardır.

 

“Mənim Qarabağım” mövzusunda ilk onlayn mühazirə noyabrın 26-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetində dərs deyən Gülməmməd Məmmədovun iştirakı ilə keçirilib. Qarabağın tarixindən bəhs edən və məcburi köçkün həyatı ilə bağlı bəzi xatirələrini bölüşən G.Məmmədov bildirib:

 

“Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar qarşısında mənəvi öhdəliyimizi yerinə yetirmək üçün işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltməli, ölkəmizi inkişaf etdirməliyik”.

 

Təşəbbüs çərçivəsində növbəti mühazirə isə dekabrın 3-ü saat 17:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun iştirakı ilə keçiriləcək. Mühazirə ilə maraqlanan iştirakçılar ADA Universitetinin rəsmi ver-səhifəsindən ətraflı məlumat əldə edə bilərlər: ada.edu.az

Xəbər lenti