Arzu Məmmədova 4 may 2004-cü ildə Ukraynanın Karlovka şəhərində doğulub. Əvvəlcə Sumqayıt şəhəri 19 saylı tam orta məktəbdə təhsil alıb, sonra təhsilini Təbiət Elmləri Təmayüllü Gimnaziyada davam etdirib. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 691,1 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına daxil olub. Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb.
- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?
-Bakı Ali Neft Məktəbini ən prestijli universitet hesab edirəm. Bura haqqında məlumatlar alırdım. Burada təhsilin fərqli, yüksək səviyyədə olduğunu eşidirdim. Hər kəs bu ali məktəbi çox tərifləyirdi. Uğurlarını da gördükcə Bakı Ali Neft Məktəbinə daxil olmağı hədəf seçdim və hədəfimə çatmaq üçün çalışdım.
- Kimya mühəndisliyi ixtisası seçimini necə etdiniz?
- Kimya fənninə həmişə böyük marağım olub. Respublika Fənn Olimpiadasında kimya fənni üzrə iki il bürünc medal qazanmışam. Əldə etdiyim bu nəticə ilə BANM-in Kimya mühəndisliyi ixtisasına müsabiqədən kənar birbaşa qəbul ola bilərdim, amma Prezident təqaüdünü qazanmaq istəyirdim. Buna görə DİM-in imtahanına girib yüksək bal topladım.
-Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
- Düşünürəm ki, aşağı siniflərdən yaxşı oxumaq, dərslərə məsuliyyətlə yanaşmaq lazımdır. Əgər bunlara əməl edilərsə, hazırlıq dövründə oxuduqları təkrarı olar və onun böyük faydası var. Bundan başqa, həm də sistemli oxumaq lazımdır. Nəyi, nə vaxt oxuduğumuzu bilməliyik.
-Bakı Ali Neft Məktəbi haqqında tələbə olaraq təəssüratlarınız necədir?
-Burada ilk dərsə gəldiyimiz günlər 3-4 saat ev tapşırığı etmişdik. Biz düşünürdük ki, ilk günlər sadəcə tanışlıq olacaq. Dərslər düşündüyümdən daha çətin və məsulyyətlidir. Amma çox şey öyrənirik. Hər gün minimum 3-4 saat dərslərlə məşğul oluruq.
-Gələcək hədəfləriniz nələrdir?
- Əvvəlcə Hazırlıq kursunu yüksək göstəricilərlə bitirmək, sonra Ali Məktəbi yuxarı qiymətlərlə başa vurmaq, magistr pilləsi üzrə təhsil almaq əsas hədəflərimdəndir. Mən kimyanın neftlə bağlı bölməsinə böyük maraq göstərirəm. İstəyirəm neft-kimya sahəsində peşəkar mütəxəssis olum.