Logo

Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib

01.12.2020 09:48 437 baxış
IMG

2020-ci ilin 24-27 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin I, II, III və IV kurs tələbələri ilə görüşlər keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşlər “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən universitetdə tədrisin distant (məsafədən) təşkili məsələlərinə həsr edilib.

 

Qeyd edilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində universitetdə zəruri tədbirlər həyata keçirilib və müvafiq imkanlar təmin edilib. Elektron formatda bütün mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitlərinin, eləcə də 1000-dən artıq videodərslərin təhsilalanların ixtiyarına verilməsindən bəhs edilən görüşlərdə tələbələrə təqdim olunan elektron tədris resurslarından fəal surətdə faydalanması tövsiyə edilib.

 

Sonra, mövcud reallıqlar və həssas nüanslar nəzərə alınmaqla, cari semestrdə tələbələrin cari və aralıq qiymətləndirilməsinin güzəştli şərtlər əsasında həyata keçiriləcəyi xüsusi vurğulanıb. Bu məqsədlə, Elmi Şuranın müvafiq qərarı ilə “MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili Qaydaları”nın qəbul edildiyi bildirilib.

 

Diqqətə çatdırılıb ki, sözügedən qaydalar çərçivəsində tələbələr üçün çoxsaylı güzəştlər nəzərdə tutulub, hər fənn üzrə yalnız bir sərbəst iş yazmaqla 10 bal, dərslərdə müəyyən fəallıq göstərməklə 10 bal və sadələşdirilmiş bir kollokviumdan keçməklə 30 bal qazanılması imkanları yaradılıb.

 

Bundan əlavə, hər fənn üzrə 30 kollokvium və 50 imtahan sualının qısaldılmış cavab mətnlərinin elektron formada tələbələrə əvvəlcədən təqdim olunmasının şifahi şəkildə keçiriləcək kollokvium və imtahanlara hazırlıq prosesinin asanlaşdırılması məqsədinə xidmət edəcəyi qeyd edilib.

 

Daha sonra, müzakirə edilən məsələlərlə bağlı tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib. Bununla yanaşı, mövcud həssas şəraitdən irəli gələrək tələbələrin fərdi problemləri, tədris prosesinə fəal surətdə qoşulmalarına mane olan çətinlikləri dinlənilib, onların həlli istiqamətində müvafiq tövsiyələr verilib. Eyni zamanda, hazırda universitetin rəhbərliyi, struktur bölmələri, müəllimlər və tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə edildiyi vurğulanaraq, tədris prosesinin gedişatında tələbələri maraqlandıran bütün suallara bu virtual platformalar üzərindən cavab verilməsinin mümkünlüyü nəzərə çatdırılıb.

 

Sonda, tələbələr yaradılmış şəraitə və tətbiq edilən güzəştlərə görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib.

 

Qeyd edək ki, sosial həssaslığın yüksək olduğu mövcud reallıqlar şəraitində MDU müntəzəm olaraq analoji görüşlərin keçirilməsinə xüsusi diqqət yetirir. Əsas məqsəd tələbələrimizin rahat və keyfiyyətli formada təhsil almalarına çətinlik yaradan bütün problemləri əvvəlcədən müəyyən etmək, onların aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirləri vaxtında həyata keçirmək və tələbə məmnunluğunu yüksəltməkdir

Xəbər lenti