Ölümü ilə tarix yazan şəhidimiz!
Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Vətən oğulları - igid əsgər və zabitlərimiz qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş və torpaqlarımızı işğalçılardan təmizləmişdir.
Vətən müharibəsində Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşməni torpaqlarımızdan təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir həsrətində olduğumuz yurd yerlərimizi özümüzə qaytardıq, əzəli torpaqlarımıza qovuşduq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu Azərbaycanımızın bütövlüyünə öz qanı ilə imza ataraq, müqəddəs Şəhidlik zirvəsini fəth etdi. Bu zirvə ən ali müqəddəs və ən şərəfli zirvədir.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını qanı ilə yazan şəhidlərimizdən biri də İntiqam Bəxtiyar oğlu Şirəliyevdir. O, 1997-ci il oktyabrın 8-də Göyçay rayonunun Potu kəndində anadan olmuşdur.İlk təhsilini Potu kənd Mübariz Məmmədov adına orta məktəbdə alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Hərbi Dəniz Qüvvələrində nümunəvi əsgər kimi başa vuraraq 2017-ci ildə tərxis olunub. Xidmətini başa vurub geri dönməsinə baxmayaraq İntiqam hərbiçi olmaq arzusu ilə yaşayır. Nəhayət, öz arzusunu 2019-cu ilin dekabr ayında gerçəkləşdirir. O, Murovdağ istiqamətində MAXE kimi fəaliyyətə başlayır. İntiqam hər zaman mərd, qorxmaz, igid gənc kimi yoldaşlarından seçilən olub. Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri olan İntiqam Şirəliyev 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Kəlbəcər istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Əks hücuma keçən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olunması uğrunda əməliyyat keçirib, həmin döyüşdə mahir top komandiri olan İntiqam düşmənin bir neçə postunu darmadağın edərək özü də qəhrəmancasına şəhid olub. Şəhid bir gün sonra doğulduğu Potu kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İntiqam Şirəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Anası Almas Şirəliyeva şəhid oğlu haqqında deyir ki, İntiqam Vətənə bağlı övlad idi, elə bil Vətən onu çağırırdı.
Hər dəfə anası ilə danışarkən deyib ki, narahat olmayın, mən elə bir adla qayıdacağam ki, hamının başını uca edəcəyəm.Həqiqətən də İntiqam ölümü ilə tarix yazan igidlərdən biri oldu. Şəhidin adını əbədiləşdirmək üçün öz yaşadığı evin həyətində xatirəsinə şəhid bulağı kompleksi inşa edilib.
Şəhidin anası Almas Şirəliyeva xatirəsinin əbədiləşdirilməsində göstərdikləri köməkliyə görə hər kəsə minnətdarlığını bildirib.
Vətən sağ olsun!
Qarabağ Azərbaycandır!
Vüsalə SADIQOVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin coğrafiya müəllimi