Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovla görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə rektor Mustafa Babanlı 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi qələbəsinin ölkəmiz üçün misilsiz əhəmiyyətindən danışıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğal altında olan torpaqları azad edərək tarix yazdığını qeyd edib. Vətən uğurunda şəhid olan qəhrəman oğulların ruhunun daima uca tutulacağını deyən rektor onların və qazilərin övladlarının, ailə üzvlərinin Azərbaycan xalqı üçün hər zaman doğma, əziz insanlar olacağını vurğulayıb və hər birimizin onlara diqqət göstərməyə borclu olduğumuzu bildirib.
"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov böyük zəfərdə Ali Baş komandan İlham Əliyevin və Azərbaycan ordusunun qüdrətini vurğulayıb, Azərbaycan xalqının milli birliyinin qələbənin əldə olunmasındakı rolunu qeyd edib. Şəhid ailələrinə və qazilərə dövlətin yardımı ilə yanaşı, “YAŞAT” Fondu vasitəsilə bütün Azərbaycan xalqının da böyük diqqət və həssaslıqla yanaşdığını söyləyən E.Hüseynov Fondun yarandığı gündən müalicəsi, şəhid və qazi ailələrinə dəstək göstərilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Görüş zamanı professor Mustafa Babanlı və Elvin Hüseynov ADNSU ilə “YAŞAT” Fondu arasında əməkdaşlıq haqda müzakirələr apararaq şəhid ailələri və Vətən müharibəsi əlillərinə dəstək göstərilməsi istiqamətində ümumi layihələrin gerçəkləşdirilməsinə dair razılığa gəliblər.