Logo

BDU-nun bir qrup kollektivi şəhid məzun Seyfəddin Dadaşovun ailəsini ziyarət edib

01.11.2021 11:29 452 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bir qrup kollektivi Beyləqan rayonunun Mayak kəndində BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin şəhid məzunu Seyfəddin Dadaşovun ailəsini və məzarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarətdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavinləri İkram Cəbrayılov, Laçın Abışlı və tələbələr iştirak ediblər. Çıxış edənlər Seyfəddin Dadaşovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. BDU-da təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Seyfəddinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhidin valideynləri  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini qeyd ediblər. Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər valideynləri kimi fəxr etdiklərini vurğulayıblar.

Qeyd edək ki, BDU-nun 2020-ci il məzunu Seyfəddin Dadaşov Vətən müharibəsi dövründə qəhrəmancasına vuruşaraq oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Beyləqan rayonunun Mayak kəndində dəfn edilib. Prezidentin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Xəbər lenti