Logo

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Baba ziyarətgah-məscid kompleksində və Lahıcdakı Bədöyün məscidində olublar

02.11.2021 13:13 495 baxış
IMG

Noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən quruldu. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.

Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.

Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb.

Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

 

(AZƏRTAC)

Xəbər lenti