Logo

Moskva Neft-qaz Biznes İnstitutu və NOVOTEK şirkətinin rəhbərliyi Bakı Ali Neft Məktəbində

03.11.2021 10:33 377 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiyanın Moskva Neft-qaz Biznes İnstitutu və bu ölkənin NOVOTEK şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, nümayəndə heyəti Moskvanın Neft-qaz Biznes İnstitutunun rektoru Rüstəm Şaqiyev, MBA tədris proqramları üzrə rektor müavini Anna Starobinskaya, Baş geoloq, professor Oleq Smirnov, NOVATEK-in istehsalat bölməsinin direktoru Genadiy Tudoroviç və baş mühəndis Daniil Sidorovdan ibarət olub.

Rusiya nümayəndə heyətini Ali Məktəbdə görməkdən məmnunluğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Bakı Ali Neft Məktəbinin 10 ildir yaranmasına baxmayaraq, böyük uğurlara imza atdığını, məzunların tam olaraq işlə təmin olunduğunu və bir çox transmilli şirkətlərdə çalışdıqları da vurğulanıb. 

Rektor qeyd edib ki, BANM Azərbaycanda ingilis dilində tədris aparılan yeganə texniki ali məktəbdir.

Moskva Neft-qaz Biznes İnstitutunun rektoru Rüstəm Şaqiyev isə Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib. Moskva Neft-qaz Biznes İnstitutu haqqında məlumat verən rusiyalı rektor əməkdaşlığa xüsusi önəm verdiyini, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Görüşdə MBA üzrə ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Moskva Neft-qaz Biznes İnstitutu və NOVOTEK şirkəti ilə BANM arasında birgə layihələr müzakirə olunub. Rusiyanın geniş tərkibli nümayəndə heyəti BANM-in kafedra rəhbərləri və  professor-müəllim heyəti ilə müzakirələr aparıblar.

Qonaqlar üçün Ali Məktəbin Kampus turu da təşkil edilib.

Xəbər lenti