Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr – Zəfər Gününə həsr olunan fakültələrarası idman yarışlarının bağlanış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev qalib komandaları təbrik edib bə bütün iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, Zəfər Günü münasibətilə AzTU-da belə bir turnirin keçirilməsi təqdirəlayiq haldır. Azərbaycanın 44 günlük Zəfər tarixindən danışan rektor bildirib ki, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı qələbə ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib. Rektor qeyd edib ki, AzTU-nun tələbələri arasında vətənpərvərlik ruhu hər zaman yüksək olub. Vətən müharibəsi qəhrəmanları sırasında AzTU tələbə və məzunlarının olması qürurvericidir.
Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 31 nəfər şəhidlik zirvəsinə yüksəlib. Vilayət Vəliyev bildirib ki, ordumuzun əldə etdiyi qələbə universitetin qarşısında daha ciddi tələblər qoyur. Belə ki, tələbələr müasir texnologiyaları mənimsəməklə, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərində iştirak etməklə faydalı olmalı, öz savadları ilə elmə töhfə verməlidirlər.
Daha sonra turnirdə iştirak edən komandalar səhnəyə dəvət olunub. Qeyd edək ki, AzTU-nun Tələbə Həmkarlar İttifaq Komitəsi (THİK) və İdman Klubunun təşkilatçılığı ilə 4 idman növü (şahmat, stolüstü tennis, voleybol və futzal) üzrə keçirilən turnirdə universitetin bütün fakültələrindən və SABAH qruplarından tələbələr iştirak edib.
Tədbirin sonunda qalib komandalara kubok, diplom və medallar təqdim olunub.