Logo

BDU-da Qarabağ ruhu - 27-ci yazı

01.12.2020 15:37 450 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

 

27-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

İyirmi yeddinci yazımız tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuş Oqtay Bəşir oğlu Əhmədovla bağlıdır.

 

Oqtay Əhmədov 25 fevral 1930-cu ildə Laçında anadan olub. 1948-ci ildə orta məktəbi bitirmişdir. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1953-cü ildən 1966-cı ilədək 5 N-li Bakı Tibb məktəbində tarix müəllimi vəzifəsində işləmişdir. 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, 1983-cü ildə professor elmi adı almışdır. Bakı Dövlət Universitetində müəllim işlədiyi dövrdə tarix fakültəsi üzrə həmkarlar təşkilatının sədri, “Slavyan ölkələri tarixi” kafedrasının müdiri və həmin kafedrada məsləhətçi-professor vəzifələrində çalışmışdır.

 

Elmi fəaliyyəti əsasən Azərbaycan Respublikasının meliorasiya və irriqasiya tarixinə həsr olunmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100 elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi altıda 50 dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 5 elmlər doktoru, 30 elmlər namizədi hazırlanmışdır. Elmi fəaliyyətlə yanaşı poeziya nümunələri də yaratmışdır.

 

Professor Oqtay Əhmədov 2011-ci ildə vəfat etmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, bu gün müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Oqtay Əhmədovun dünyaya göz açdığı Laçın şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti