Logo

Son iki ayda koronavirusdan vəfat edən tanınmışlar

04.11.2021 15:01 581 baxış
IMG

Azərbaycanda pandemiya başlayandan koronavirusa yoluxan, sağalan, vəfat edənlər sırasında ölkə ictimaiyyətində tanınan simalar var.

Tehsil.biz Qaynarinfo-ya istinadən son iki ayda koronavirusdan vəfat edən tanınmışların siyahısını təqdim edir.

Müğənni, xanəndə Tahir Nəbiyev də koronavirusdan vəfat edib. O, sentyabrın 1-də dünyasını dəyişib.

Qeyd edək ki, T.Nəbiyev gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır.

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev sentyabrın 7-də təcridxanda koronavirusdan vəfat edib.

Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub. Fəaliyyətində verdiyi nöqsanlara görə həbs edilib.

Koronavirusdan ölən daha bir tanınmış sima Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçudur.

Bu ilin sentyabrın 14-də vəfat edən Yaqub Zurufcu ağır vəziyyətdə "Yeni Klinikan”nın reanimasiya şöbəsinə yerləşdirilərək elə orda vəfat edib.

Həbsdə olan sabiq deputat Rəfael Cəbrayılov da son iki ayda koronavirusdan vəfat edən tanınmışlar sırasındadır. O, sentyabrın 30-da vəfat edib.

62 yaşlı sabiq deputat "Yeni Klinika”da koronavirusdan vəfat edib. Qeyd edək ki, Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Gənc jurnalist Nurlan Ağa da oktyabrın 11-də koronavirusdan vəfat edib. Türkiyədə təhsil alan 25 yaşlı jurnalist ölümündən bir müddət əvvəl koronavirusa yoluxub, vəziyyəti ağırlaşan jurnalist xəstəxanaya qaldırılsa da, orada vəfat edib.

Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib. O, oktyabrın 19-da müalicə aldığı Yeni Klinkada ölüb. E.Əşrəfoğlu koronavirusa sentyabrın əvvəllərində yoluxmuşdu.

Xəbər lenti