Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nı uğurla başa vurublar.
Tehsil.biz xəbər verir ki, BANM-in tələbələri “Azərbaycan 500 ASAN Startap Proqramı”na yaratdıqları "Uniforius" adlı komanda ilə qatılıblar. Komandaya Ali Məktəbin tələbələri Hüseyn Abızadə və Fərhad Ağayev ilə yanaşı, gənc istedadlar Çingiz Məhərrəmli və Mətin Qədimov da daxildir. Onlar Proqram daxilində seçilən 10 startap layihədən birinin müəllifləridir. Hüseyn Abızadə və Fərhad Ağayev proqrama müraciət edən 1268 şəxs arasından seçilən və digər bütün mərhələləri uğurla tamamlayan 27 qalib arasında yer alır.
"Uniforius" komandası hazırda startap layihələrini biznesə çevirmək yolunda çalışır. Layihənin əsas məqsədi QR kod texnologiyası ilə təchiz olunan xüsusi geyim sənayesində yeni bir axım yaratmaqdır.
“Azərbaycan 500 ASAN Startap Proqramı” 6 ay davam edib. Sonda Proqramın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatlar təqdim olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, digər ekosistem nümayəndələri, həmçinin startapların komanda üzvləri iştirak ediblər.
Proqramın icrası "500 Startups" şirkəti tərəfindən həyata keçirilib. Təlimləri şirkətin beynəlxalq mentorları aparıb. Proqramı müvəffəqiyyətlə başa vuran 10 startap komandası layihələrini geniş ictimaiyyətə və potensial investorlara təqdim edib.