ADU–nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi “Müzəffər ordunun şanlı zəfəri” adlı onlayn tədbir keçirib.
Tehsil.biz xəbər verir ki, tədbirin moderatoru, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli tədbiri giriş nitqi ilə açaraq 8 Noyabr - Zəfər günü münasibətli ilə hər kəsi təbrik edib və xalqımıza qələbə sevincini yaşatdığı üçün Prezident İlham Əliyev başda olmaqla müzəffər ordumuza minnətdarlığını bildirib. İbrahim Kazımbəyli Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırımış xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini qeyd etdi.
Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin döyüş ruhunu bir daha üzə çıxardı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmənə qarşı əks-hücum əməliyyatı Azərbaycan xalqının, dövlətinin, ordusunun Zəfər yürüşü kimi tariximizə qızıl hərflərlə yazılıb. Bu təntənədə Azərbaycan gəncliyinin, canını Vətənə fəda etmiş şəhidlərimizin, qazilərimizin böyük rolu vardır və gənclik Zəfər bayramını bizə bəxş edənləri, torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızı heç zaman unutmayacaq.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov çıxışında bildirdi ki, II Qarabağ savaşının 44 gün ərzində qələbə ilə nəticələnməsinin istiqamətlərindən biri Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Müharibə dövründə Prezident İlham Əliyevin ayrı-ayrı nüfuzlu mətbu orqanlarına vermiş olduğu müsahibələri, dost ölkələrin və Qoşulmama hərəkatı üzvlərinin və s. münasibətini qazanmaq uğurlu diplomatik fəaliyyətin nəticəsi idi. Bir sözlə güclü lider, xalq və ordu birliyi qələbənin əsasını qoydu.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova çıxışında eməni diasporlarının idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarının xətti ilə əldə edilən vəsaitlərin Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlməsi, onların Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumların təşkil olunmasına xidmət etməsi haqqında da məlumat vermişdir.
Eyni zamanda, natiq dünyanın nüfuzlu qeyri-hökumət təşkilatlarının da Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirtdiyi terror aktlarına mövqeyini də diqqətə çatdırmışdır.