Logo

İstilik mövsümü nə vaxtdır?

06.11.2021 07:52 1698 baxış
IMG

İSTİLİK MÖVSÜMÜ NƏ VAXTDIR?

     Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel 1969-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin mərkəzi istilik sisteminin qazanxanalarından istifadə tarifləri”nə görə respublikanın ərazisindəki binaların istiliklə təminatı 5 iqlim zonasına uyğun olaraq müxtəlif vaxtlarda və müddətlərdə müəyyən edilir. Belə ki, respublikada mərkəzi istilik sisteminin qazanxanaları Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə 15 noyabrdan 15 marta qədər - 121 gün, Quba, Xaçmaz, Qusar, Dəvəçi, Siyəzən, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Xankəndi, Ağdərə, Xocəvənd, Xocalı, Şuşa şəhər və rayonları üzrə 1 noyabrdan 1 maya qədər – 181 gün, Bakı şəhəri istisna olmaqla republikanın digər şəhər və rayonları üzrə isə 15 noyabrdan 15 aprelə qədər – 152 gün istilik mövsümündə fəaliyyət göstərməlidir. Nazirlər Sovetinin həmin fərmanında qazanxanaların poliklinika və xəstəxanalar, uşaq bağçaları, məktəblər, internatlar, inzibati və yaşayış binaları, kinoteatr və mədəniyyət evləri üzrə fərləndirilməklə müxtəlif həcmlərdə istilik yanacaqları - qaz və mazut ilə təminatı normaları da göstərilmişdir. 

     Lakin fərmandan göründüyü kimi normalar yalnız mərkəzi istilik sisteminə qoşulan binalara şamildir və bu fərdi qazanxanaları olan müəssisələrə aid deyil. Elektrik, qaz və su sayğaclarının tətbiq edilmədiyi vaxtlarda zərurətdən qəbul edilən bu sənədin hazırda sayğac tətbiq edilən və fərdi qazanxanası olan müəssisələrə də aid edilməsi doğru deyil 

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası”na görə cari ilin istilik mövsümünün başlanmasına 1 həftə qalmış enerji resurslarının mənbələrinin və şəbəkələrinin avadanlıqlarında bütün işlər tamamlanmalı, payız-qış mövsümünə hazırlıq dövründə aşkara çıxarılmış bütün pozuntular və qüsurlar aradan qaldırılmalı və cari ilin istilik mövsümündən əvvəl qurğuların sazlanmasını və təhvil-təslim sınaqlarını həyata keçirməlidir. Qaydaya görə təchizatçı tərəfindən məsul subyektlərə payız-qış mövsümündə işə hazırlıq üzrə pasportlar verilir. Payız-qış mövsümünə hazırlıq pasportu müvafiq elektron məlumat sisteminə yerləşdirilir və kommunal xidmətlərin vahid informasiya sisteminə inteqrasiya olunur. Hər il avqust ayının 1-dən etibarən payız-qış mövsümündə işə hazırlıq pasportunun verilməsi üçün təchizatçılar tərəfindən payız-qış mövsümündə işə hazırlığın qiymətləndirilməsi üzrə mövsümi hazırlıq komissiyası yaradılır və işə başlayır. Məsul subyektlər üçün payız-qış mövsümünə hazırlıq pasportunun alınması müddəti hər il oktyabr ayının 31-dək (daxil olmaqla), sistemtəşkiledici təchizatçılar üçün – hər il noyabr ayının 25-dək (daxil olmaqla) davam edir. Qaydaya görə istilik təchizatı şəbəkələrinə istilik enerjisi verildikdən sonra, istehlakçılar 10 gün ərzində enerjitəchizatı qurumunun nəzarəti altında avadanlıqların yoxlanılmasını və ilkin tənzimlənməsini təmin etməli, xarici havanın ortagünlük temperaturu davamlı mənfi 10°C olduqda, məsul subyektlər sutkalıq növbətçiliyi təşkil etməli və enerjitəchizatı qurumlarının növbətçi heyəti ilə (dispetçer xidmətləri ilə) daimi əlaqələrini təmin etməlidirlər.

     Qaydada payız-qış mövsümünün başlanma müddətləri dəqiq göstərilməsə də bu barədə qərarların və isitmə sisteminin işə başlaması müddətlərinin müəyyənləşdirilməsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olması və təchizatçılar cari ilin oktyabr ayının 30-dək payız-qış mövsümünün başlanılması ilə əlaqədar payız-qış mövsümünə hazırlıq obyektlərinin qoşulma qrafiklərini məsul subyektlərə təqdim edilməsinin zəruri olması göstərilir. Qaydada payız-qış mövsümünün başa çatması dəqiq göstərilməsə də onun haqqında qərarın təchizatçı tərəfindən 15 aprel tarixindən tez olmayaraq qəbul edilməsinin zəruriliyi qeyd edilib.

     Beləliklə mövcud qanunvericiliyin tələblərinə görə binaların mərkəzləşmiş və fərdi qazanxana sisteminə qoşulmasından asılı olmayaraq təchizatçılar ən geci 30 oktyabr tarixinə qədər məsul subyektlərə onların istilik sisteminə qoşulma qrafiklərini verməyə borcludurlar. Bu o deməkdir ki, ən tezi 1 noyabr tarixindən binaların istiliklə təmin edilməsinin heç bir hüquqi problemi yoxdur. Eləcə də mövcud qaydaya görə binaların istiliklə təminatının dayandırılması barədə qərarın 15 apreldən tez olmayaraq verilməsinin mümükünlüyü də öz əksini tapır.  Xarici havanın ortagünlük temperaturu 3 sutka ərzində davamlı olaraq müsbət 6°C və ondan aşağı olduqda mövsümdən asılı olmayaraq binaların istiliklə təmin edilməsi mütləq həyata keçirilməlidir. Ölkəmizin iqlimi göstərir ki, adətən 1 noyabr – 1 may tarixlərində havanın ortagünlük xarici temperaturu müsbət 6°C və ondan aşağı olur. Bu amil binaların istiliklə təmin edilməsinin 1 noyabr tarixindən 1 may tarixinə qədər həyata keçirilməsini zəruri edir. Xüsusən, ayrıca elektrik, su və qaz sayğacları quraşdırılan, qaz və mazutla işləyən fərdi qazanxana sisteminə malik olan müəssisələr üçün 1 noyabr – 1 may tarixlərində istilik mövsümünə keçməsi barədə qərarı yerləşdikləri regionda havanın mövcud temperaturundan asılı olaraq onların tabe olduğu yerli idarəetmə orqanı tərəfindən verilməsi mümkündür.

Rabil ABDİNOV

 

 

Xəbər lenti