Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.
Onlayn tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdan ibarətdir.
Onlayn tədbirlərdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.
Tədbirlərdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil edilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.