Bu gün Bakı Dövlət Universitetində (BDU) Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adının diplomu təqdim olunub.
Tehsil.biz xəbər verir k, iclasda BDU-nun rektoru Elçin Babayev dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş ictimai-siyasi xadim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçin Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb. Ali qonaq haqqında məlumat verən Elçin Babayev bildirib ki, Ş.Caferoviç Bosniya və Herseqovinanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Qonağın Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Azərbaycan - Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin, təhsil və elmi əməkdaşlığın inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.
Rektor iki dövlət arasındakı diplomatik əlaqələrdən, yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, eyni zamanda, qonağa BDU haqqında məlumat verib.
Rektor çıxışının sonunda BDU Elmi Şurasının 03 oktyabr 2021-ci il tarixli iclasında Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. BDU Elmi Şurasının qərarı ilə cənab Şefik Caferoviç Azərbaycan və Bosniya və Heseqovina arasında ikitərəfli əlaqələrin və elmi əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə BDU-nun Fəxri doktoru adına layiq görülüb.
Rektor Fəxri doktor diplomunu ali qonağa təqdim edib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən, Azərbaycan-Bosniya və Hersoqovina arasında yüksək əməkdaşlıq əlaqələrindən söz açıb, Şevfik Caferoviçin bu əlaqələrin inkişafındakı xidmətlərindən bəhs edib.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafından danışıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edib, siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığın davam etdirilməsinə əminliyini ifadə edib.