Bakı şəhərində 22 saylı bir tam orta məktəb və onun Azər Ələkbərov adlı bir direktoru var. Bu adamın adı vəzifəyə təyin edildiyi gündən bir-neçə məktəbdə eyni vəzifəni daşımağına rəğmən qalmaqallarda hallanmaqda davam edir. Maraqlı odur ki, onun ixtisası hüquqşünaslıq olsa da təyinatında “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələbinə görə bu vəzifədə işləmək üçün pedaqoji və ya idarəetmə təhsilinin olması prinsipi nədənsə gözlənilməmişdir.
Onun bir müddət əvvəl məktəblini döyməsi Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadənin axar.az saytına verdiyi səs yazısında öz təsdiqini tapmışdı. Belə ki, tədqiqatçı bildirmişdi ki, 9-cu sinif şagirdi Rauf Oruclunun məktəbli forması kimi jileti geyinməkdən imtina etməsinə görə direktor tərəfindən döyülməsi faktı uşaqların bildirdiyinə əsasən, təsdiqini tapıb, faktla bağlı ekspertiza təyin edilib, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib. Lakin bir müddət sonra nədənsə bu adam məsuliyyətdən yaxa qurtarmağı bacardı.
Bir-neçə ay əvvəl "Tehsil.biz" saytına onun rəhbəri olduğu məktəbin müəllimlərindən biri şikayət məktubu ilə müraciət edərək, direktorun ona “həyasız”, “böyüyün, sahibin yoxdur“, “sizi iti qovan kimi qovacam”, “işləyə bilmirsiz, rədd olun, çıxın bu məktəbdən” deməsi, məktəbin sosial şəbəkə qrupundakı səs yazılarını digərinə göndərməkdə şübhəli bilinən müəllimləri oradan uzaqlaşdırdığı, ondan şikayətçi olduğu üçün istifadə etdiyi kompüterin ondan alındığını bildirmişdi.
O işlədiyi güya intiharların qarşısını almaq üçün məktəbin bütün pəncərələrinin dəstəyini çıxardaraq hamısını birdəfəlik “şrup” ilə şəxsən bağlayıb və fotosunu çəkdirib sosial şəbəkədə paylaşıb. O hətta dəfələrlə və israrla hündürmərtəbəli məktəb binalarında pəncərələrin dəmir barmaqlıqlarla bağlanmasına icazə verilməsi üçün aidiyyəti qurumlara müraciət edib və bunu təkcə intiharlara görə deyil, uşaqların dərsdən qaçmaması üçün də bu addımın atılmasını vacib saydığını sosial şəbəkə hesabında qeyd edib. Lakin məktəblərdə bu cür neqativ və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə pəncərələrin birdəfəlik “şurup”lanması və dəmir barmaqlıqlarla bağlanması olduqca təhlükəlidir. Bu, intihar kimi halların qarşısını güya alsa da, yanğın və ya bina daxilində baş verə biləcək hər hansısa fövqəlada hadisə zamanı bədbəxt hadisələrin yaşanmasına səbəb ola bilər. Dərsə davamiyyətin bu cür üsullarla möhkəmləndirməsi təcrübəsinə isə münasibət bildirməyə belə dəyməz.
Onun məktəbdə müddətli müqavilə işləyən müəllimin daimiləşməyə kömək edəcəyi adı altında 500 manat rüşvət almasını həmin müəllimin ondan şikayəti əsasında məlum olmuşdur. Belə ki, müəllim onun daimiləşməsinin İRM tərəfindən qaydalara tam uyğun həyata keçirilməsini və onun direktor tərəfindn aldadılmasını sonradan bilmişdi. Maraqlı odur ki, bu fakt təhsil idarəetmə orqanlarına məlum olsa da onlar tədbir görməmişlər.
Azər Ələkbərov öz sosial şəbəkə hesabında dövrün Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanı “Müəllimlərin etik davranış qaydalarının” loyallıq prinsipinə zidd olaraq onunla bağlı bir məsələ olmasa da belə təhqir etməkdən çəkinməmişdir. Adi bir məsələyə görə direktorları intizam tənbehinə cəlb edən nazirlik nədənsə loyallığın pozulması məsələsində elə loyallığın özünü nümayiş etdirmişdir.
Azər Ələkbərov məktəbin sosial şəbəkə qrupunda, jurnalistlərlə və müəllimlərlə dialoqunda az qala bir saata yaxın səs yazısı göndərməsi ilə də məşhurdur. Bir müddət əvvəl axar.az saytı onun səs yazısını yaymışdı və orada bu adam açıq-aydın jurnalisti təhqir edir və buna etiraz edən zaman ona “buna layiqsiniz” deyə cavab verməsi öz əksini tapıb. Daha sonralar tehsil.biz saytının yaydığı səs yazısında o məktəbin müəllimlərindən ibarət sosial şəbəkə qrupunda onları alçatdığı və hədələdiyi açıq-aydın öz əksini tapıb. Bu səs yazılarında ondan məlumat yayan kütləvi informasiya vasitələrini və məktəbin əməkdaşlarını məhkəmə ilə hədələməsi və onun məhkəmənin gələcəyi qərarı əvvəlcədən elan etməsi də öz əksini tapıb.
Son günlər Azər Ələkbərovun direktor olduğu məktəbdə işləyən “Məktəblinin Dostu” layihəsinin əməkdaşının ondan seksual qısnamaya görə şikayətçi olmasından dolayı ona göndərdiyi səs yazısı dəhşətli faktlarla doludur. Belə ki, səs yazısında məktəb direktoru artıq 3-cü “Məktəblinin Dostu” ilə problem yaşadığı və onların məktəbi tərk etdiyi etiraf edilir. Səs yazısında məktəb direktoru qızı yaşındakı qadına “səni evləndirəcəyəm”, “evə niyə tək gedirsən” kimi sözlər deməklə mental qayğıkeşlik etdiyini bildirir. Səs yazısında qadın əməkdaşın onu düzgün anlamadığı, onu Mübariz adlı müəllimin təhqir etdiyi halda onu direktordan şikayət etməsinə görə qınayır. Məktəb rəhbəri kimimi qadın əməkdaşını digər kişi müəllimdən qorumağın onun vəzifəsi olduğunu unudan məktəb direktoru səs yazısında qadını ondan şikayət etdiyi üçün məhkəməyə verəcəyi, onu məktəbə gətizdirib kollektiv qarşısında ondan üzür istətdirəcəyi, bu şikayətin əslində “Məktəblinin Dostu” layihəsinin rəhbərliyi tərəfindən edildyi, layihə rəhbərliyinin və əməkdaşlarının şərəf və ləyaqətinin küçə sözləri ilə təhqir etməsi öz əksini tapıb. Məktəbdəki sənədlərdə özünə müraciəti “hüquq elmləri üzrə fəlsəfə doktoru” başlığı ilə yazdıran bu primitiv hüquqşünas nədənsə unudur ki, yazılı şikayətdə səhv qənaət olsa belə buna görə şikayətçi cəzalana bilməz, şikayətçi cəzalansa belə onun yazılı şikayətə görə məhz məktəbdə üzür istəməsinin heç bir hüquqi əsası ola bilməz. Qadın əməkdaşın ondan seksual qısnamaya görə şikayət etməsindən əndişələnən Azər Ələkbərov onun nəticəsini gözləmədən “Məktəblinin Dostu”ndan Təhsil nazirinə şikaət edib. Şikayətində Təhsil nazirini Prezident Adminstrasiyasına, Heydər Əliyev Fonduna və “Asan Xidmət” Mərkəzinə şikayət etməklə təhdid edən Azər Ələkbərov Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Məktəblinin Dostu” layihəsinin “Asan Xidmət” tərəfindən maliyyələşdirilməsi və şəxsi qazanc məqsədi ilə yaradılması xüsusi qeyd edilir. Məktubda bir-neçə dəfə “Məktəblinin Dostu” layihəsinin əməkdaşları ilə problemi olduğu, bu əməkdaşların məktəb direktorlarını bilərəkdən şantaj və təhdid edib həqiqətə uyğun olmayan, təhrif olunan məlumatların nazirliyə ötürülməsində maddi mənfəət əldə etmək məqsədləri olması açıq-aydın öz əksini tapıb. Direktor nazirə məktubunda bu layihənin əsl məqsədinin direktorları şantaj, təhdid edib reketlik fəaliyyəti təşkil etmək olması və layihə rəhbərinin və əməkdaşlarının şəxsi gəlir mənbəyi olması dəfələrlə və xüsusi vurğulanır.
Qeyd: Qarşı tərəflərin də fikirlərini yayımlamağa hazırıq!