Logo

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun Zəfər gűnű műnasibətilə təbriki

08.11.2021 09:28 515 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov: 

"Əziz dostlar!

Bu gün Zəfər Günüdür. Bu, elə bir zəfərdir ki, onu Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz öz dişi, dırnağı ilə  qazanıb. Bu zəfər şəhidlərimizin qanı ilə, qazilərimizin min bir məşəqqətlə qazandığı bir zəfərdir. Və ən nəhayət, bu zəfər xalqımızın birliyinin nəticəsidir. 

Son bir əsrdə dünyada baş verən münaqişələrə diqqət yetirdikdə görürük ki, dünyanın böyük gücləri bu münaqişələrdə öz mənafelərinə uyğun olaraq müxtəlif qütblərdə dayanıblar. Qarabağ məsələsi yeganə məsələ idi ki, böyük güclər demək olar ki, hamısı açıq və ya gizli şəkildə işğalçıların tərəfində idi. Heç biri açıq şəkildə işğalçı Ermənistandan BMT-in qətnamələrini icra etməyi tələb etmirdi. Nəticədə, dövlət və xalq olaraq məsələni öz gücümüzlə həll etmək məcburiyyətində qaldıq. Azərbaycan xalqı tarixinin heç bir dövründə bu qədər bir, yumruq olmamışdı. Bu birliyin qarşısında öz havadarlarına arxayın olan düşmən tab gətirə bilmədi. Yenə öz havadarlarının onlar üçün inşa etdiyi xətlər, sədlər qəhrəmanlarımızın şücaəti nəticəsində bir-bir çökdü. Əzəli Azərbaycan torpağı olan Qarabağ işğaldan azad olundu.

Zəfər Günündə bizə bu günü bəxş edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir və qazilərimizə can sağlığı arzulayırıq.

Güclü ordu yaratmağa müvəffəq olan, müharibə dövründə dünyanın istər siyasi güc mərkəzləri, istərsə də media təbliğatı qarşısında əzm və vüqarla dayanan cənab Prezidentə minnətdarıq. Haqq savaşımızda daim bizə dəstək verən qardaş Türkiyəmizə minnətdarıq. Həmişə yanımızda olan qardaş Pakistana və dünyadakı bütün Azərbaycansevərlərə minnətdarıq. Birliyimiz daim olsun! Zəfər Günümüz mübarək!"

Xəbər lenti