Logo

BDU-nun rektoru Elçin Babayev: "8 Noyabr - yeni dövrün başlanğıcı"

08.11.2021 13:23 660 baxış
IMG

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni mərhələnin, inkişafa, intibaha, aydın sabahlara aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Birinci Qarabağ müharibəsindəki ərazi itkilərindən keçən müddət ərzində xalqımız hər an tarixi zəfərin arzusu ilə yaşayır, zəfər müjdəsini gözləyirdi. Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi, qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.

2020-ci il  sentyabrın 27-də mənfur düşmənin növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə əks-hücum əməliyyatları başladı. Dünya hərb tarixinə parlaq hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Müzəffər Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə Füzulidə, Cəbrayılda, Murov zirvəsində, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Prezident İlham Əliyev tərəfindən artıq mədəniyyət paytaxtımız elan edilmiş Şuşanın azad olunması ilə düşmən ağır məğlubiyyətə uğradı və onun kapitulyasiya aktını imzalamaqdan başqa bir çarəsi qalmadı. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, BMT-nin qəbul etdiyi, illərlə kağız üzərində qalan qətnamələr Müzəffər Ali Baş Komandanımız və Müzəffər Ordumuz tərəfindən döyüş meydanında icra olundu, müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Möhtərəm Prezidentimiz İlham Əliyev müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsini birdəfəlik həll etdi.

Cənab Prezidentimizin rəhbərliyi ilə 44 günlük müharibə yalnız döyüş meydanında getmədi, bu müddət ərzində dövlətimizin başçısı diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Cənab Prezidentimizin ardıcıl, məqsədöyünlü siyasəti sayəsində qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla dost və tərəfdaş ölkələrin siyasi və mənəvi dəstəyi Azərbayacanın diplomatik uğurlarını, siyasi mövqeyini daha da möhkəmləndiridi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, fərqli geostrateji şərait və yeni reallıqlar yarandı.

Eyni zamanda qeyd etmək vacibdir ki, 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan cənab Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyaya çatdırdı. Dünyanın 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin nümayəndələrinə verdiyi müsahibələrində ölkə başçısı ona ünvanlanan və bir çox hallarda qərəzli, təxribatçı məqsəd daşıyan suallara təmkinlə, səbirlə, yüksək inellektual məntiqlə cavab verdi, gətirdiyi əks arqumentlərlə, dəlil və sübutlarla Azərbaycanın haqlı mövqeyini məharətlə ifadə etdi.

Bu gün Vətən müharibəsindən qalib çıxan dövlətimiz regionda əbədi sülhü də qazanmaq üçün səylərini uğurla davam etdirir, özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə ifadə edir. Əminliklə söyləyirik ki, tarixi zəfərdən sonra qalib ölkə kimi Azərbaycanın bölgədə rolu və çəkisi, dünyada nüfuzu daha da artmış, ölkəmiz artıq sözün bütün mənalarında söz sahibinə çevrilmişdir. Artıq dünyanın güc mərkəzləri, siyasi çevrələr birmənalı şəkildə Azərbaycanla hesablaşır, onun qalib ölkə kimi danışıqlar masasında diqtə etdiyi şərtlərlə birmənalı olaraq razılaşırlar.

44 günlük Vətən müharibəsi günlərində olduğu kimi tarixi zəfərdən sonra əldə edilmiş diplomatik uğurların, azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm layihələrin, aparılan bərpa-quruculuq işlərinin sayəsində bu günlər hər birimiz tarixi anlar yaşayırıq. Azərbaycanda demək olar elə bir gün yoxdur ki, hansısa əlamətdar bir hadisənin, tarixi bir məqamın şahidi olmayaq. Qələbədən sonra ölkəmiz hər gün daha da qüdrətlənir, hər gün tariximizə ilklər yazılır. Bütün bunlar bizim hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurur. Ötən ilin dekabr ayının 10-da  Azadlıq meydanında keçirilən və tariximizə ilk Zəfər Paradı kimi düşən şanlı gün yaddaşımıza əbədi olaraq həkk olundu. Zəfər Paradı qalib Azərbaycanın qüdrətini, gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının uğurları, qələbələri davam etməkdədir. Bu sahədə əldə etdiyimiz ən böyük nailiyyət heç şübhəsiz Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün – Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin – Biz bir millət, iki dövlətik! – kəlamlarının qüdrəti ilə günbəgün inkişaf edən Azərbaycan Türkiyə münasibətləri bu sənədlə özünün ən ali zirvəsinə çatdı.

15 iyun 2021-ci ildə – müasir Azərbaycanın tarixində xüsusi önəm və rəmzi məna daşıyan Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada imzaladığıl tarixi sənəd 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmizin mövqelərini daha da möhkəmləndirir, beynəlxalq aləmdə, diplomatiya cəhbəsində dövlətimizin manevr imkanlarını, nüfuzunu və çəkisini artırır. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli görüşünün keçirilməsi və görüşün nəticəsi kimi Bakı Bəyannaməsinin imzalanması da diplomatik uğurlarımızın davamı kimi olduqca əhəmiyyətlidir. Bütün bu uğurların nəticəsidir ki, 44 günlük müharibə dövründə erməni ordusundakı dünyada analoqu olmayan fərarilik artıq erməni cəmiyyətinə də sirayət edib. Əgər müharibə dövründə erməni quldur dəstələri silahlarını səngərdə ataraq döyüş meydanından qorxaqcasına qaçırdılarsa, bu gün erməni vətəndaşları ilk fürsətdə fərari kimi məğlub və cənab Prezidentimizin söylədiyi kimi Azərbaycanın dalana çevirdiyi Ermənistanı tərk etməyə hazırlaşırlar.

Bu günlər azad Qarabağımızda geniş vüsət alan böyük quruculuq işlərinə şahidlik edirik. Möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, Beynəlxalq Hava Limanlarının açılışı keçirilir, yeni yaşayış binalarının təməlləri qoyulur və saymaqla bitməyən nəhayətsiz, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi zəfərdən sonra azad edilmiş ərazilərə səfərləri, Qarabağın bərpası layihəsinin uğurla həyata keçirilməsi zəfər ovqatlı xalqımızın gələcəyə olan inamını daha da artırır. Ağdam və Şuşa şəhərlərinin baş planlarının təsdiq edilməsi və ictimaiyyətə təqdimi, yeni şəhər, qəsəbə və kəndlərin, çoxmənzilli yaşayış məhəllələrinin təməlqoyma mərasimlərinin keçirilməsi keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağda erməni vandalizminə məruz qalan dini abidələrimizin, məscidlərimizin bərpası, yeni məscidlərin təməlinin qoyulması, möhtərəm cənab Prezidentimizin mədəniyyət paytaxtımız elan etdiyi Şuşada “Xarı bülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi xalqımızı tərəfindən böyük rəğbətlə qarşılanır. Əminik ki, artıq bərpa edilmiş Vaqif Poeziya Günləri çağdaş ədəbiyyatımıza təkan verəcək, qələbə ruhlu əsərlərin, eyni zamanda müharibənin ağır nəticələrini, faciələrini əks etdirən bədii ədəbiyyat nümunələrinin yaranması üçün stimul rolunu oynayacaqdır.

Cəmi bir neçə gün əvvəl möhtərəm Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağda tariximizin yeni – parlaq səhifələri yazıldı. Möhtərəm Prezidentimizin misilsiz fəaliyyəti nəticəsində ən qısa vaxt ərzində işğaldan azad edilmiş Füzulidə ərsəyə gələn - dünya standartlarına uyğun Beynəlxlaq Hava Limanında ilk rəsmi qarşılanma mərasimi həyata keçirildi. Bununla Azərbaycan dövləti möhtərəm Prezidentimizin sayəsində daha bir ilkə imza atdı. Hər iki dövlət başçısı tərəfindən Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin əsasının qoyulması, Zəngilanda “Ağıllı kənd” layihəsinin icrası, yeni müəssisələrin təməlinin qoyulması, Prezidentlərin Zəngilanda birgə bəyənatı və saymaqla bitməyən mislisiz işlər zəfər ovqatlı müzəffər xalqımızı daha da ruhlandırır. Eyni zamanda bütün bunlar, dövlət başçımızın azad edilmiş ərazilərdən verdiyi mühüm mesajlar, səsləndirdiyi bəyanatlar xalqımızı, dostlarımızı hədsiz dərəcədə sevindirir, düşmənlərimizi isə məyus edir.

Prezident İlham Əliyev tərəfindən çox qısa zaman ərzində gerçəkləşdirilən bu layihələr həqiqətən də müasir dünyada heç bir siyasətçinin, dövlət başçısının edə bilməyəcəyi nəhayətsiz işlərdir. Bu günlərdə Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında Prezident İlham Əliyevin Qarabağdakı quruculuq işlərindəki misilsiz xidmətlərinə yüksək dəyər verərək tarixi bir kəlam söylədi: “Bu, hər igidin, hər siyasətçinin işi deyil”! Bu gün hər bir azərbaycanlı ürəyimizcə olan bu tarixi kəlamın altından ürəklə öz imzasını atır, igid Prezidentimizlə qürur duyur, müdrik rəhbərimizə öz dəstəyini, sonsuz inam və etimadını hər an yüksək səslə bəyan edir.

Qürurverici haldır ki, azad edilmiş ərazilərdəki bərpa-quruculuq yalnız təmir-tikinti işlərini əhatə etmir. Cənab Prezidentimiz azad edilmiş ərazilərimizdə elmi, mədəni, mənəvi mühitin bərpası üçün də böyük səylər göstərir, xüsusilə tariximizin düzgün yazılması, toponimlərimizin bərpası üçün öz tapşırıq və tövsiyələrini verir. Bu ilin oktyabr ayının 10-da dövlət başçımız işğaldan azad edilmiş Xocavənddə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə xüsusi diqqət ayırdı: “Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar”. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu kimi məsələlərə həssas münasibəti bizim hər birimizin qarşısında böyük vəzifələr qoyur.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin kollektivi də 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmişdir. Vətən müharibəsində Universitetin 19 məzunu və tələbəsi şəhidlik zirvəsinə ucalmışdır. Müharibənin getdiyi taleyüklü günlərdə BDU kollektivi informasiya müharibəsinə də özünün töhfələrini vermişdir.

Artıq tarixə çevrilən Qarabağ münaqişəsinin baş vermə səbəbləri, müharibə və postmüharibə dövründəki ictimai-siyasi proseslər, Azərbaycan dövlətinin apardığı diplomatik mübarizə və bu kimi digər məsələlər elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi diqqəti cəlb edir, bu istiqamətdə ciddi elmi araşdırmaların aparılmasını qarşımıza şərt kimi qoyur. Bu mövzularda tədqiqat işlərinin aparılması, həqiqətlərin, reallıqların, hadisələrin əsl mahiyyətinin elmi müstəviyə gətirilməsi və dünya ictimaiyyətinə, xalqımıza, eləcə də gələcək nəsillərə dolğun, real faktlara, etibarlı mənbələrə söykənən məlumatlar əsasında təqdim olunması günümüzün ən vacib məsələləri sırasındadır.  Bu mənada Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin alimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Əminik ki, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, gənc tədqiqatçılar bu prosesə özlərinin araşdırmaları, konfrans və simpoziumlardakı çıxışları ilə töhfələrini verəcək, nüfüzlu elmi jurnallarda bu barədə elmi məqalələr dərc etdirəcək, monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlayacaqlar.

Artıq bu istiqamətdə əldə etdiyimiz mühüm nəticələr də var. Müharibədən sonra Universitetin artıq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış iki akademik layihəsi – “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Beynəlxalq Kopmpleks Hesabat” və “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihələri uğurla həyata keçirilmişdir. Bundan əlavə Universitetin əməkdaşları, məzun və tələbələri mətbuat səhifələrində öz sanballı yazıları ilə çıxış edir, tarixi zəfərimizə həsr olunan kitablar ərsəyə gətirirlər.

Bu günlər dövlətimizin, xalqımızın həyatında yeni bir mərhələ başlayıb. Obrazlı ifadə etsək, bu dövr Azərbaycan tarixinin qızıl dövrüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev dövlət müstəqilliyimizin bərpa olunmasının 30-cu ildönümü münasibətilə xalqa müraciətində bu barədə söyləmişdir: Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır”.

Qoy cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qızıl hərflərlə yazdığı yeni tariximiz uğurlu olsun, xalqımızın, dövlətimizin həyatında yeni dövrün başlanğıcı xeyirli olsun.

Allah bu günləri – parlaq qələbəmizi, tarixi Zəfərimizi bizə bəxş etmiş Müzəffər Ali Baş Komandanımızı, müzəffər ordumuzu, müzəffər xalqımızı qorusun.

Allah şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq nəsib etsin.

Tarixi zəfərimiz, parlaq qələbəmiz, şanlı bayramımız mübarək olsun.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

https://azertag.az/xeber/zefer/gunu

 

Elçin Babayev

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti