Logo

Şanlı Zəfərimiz - Haqqın, ədalətin bayramı

08.11.2021 15:26 412 baxış
IMG

Son iki yüz ildə tarixi ədalətsizliklərlə üz-üzə qalmış xalqımız 30 ildə daha da gərgin illər yaşadı. 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsinin ardınca min illər boyu yaşadığı vətən torpaqları da əlindən getməyə başladı. İnsanlarımız böyük  psixoloji sarsıntı içərisində idi. Dəhşətli bir faciə yaşayırdı. Hiyləgər düşmənlərin əlində alətə dönmüş məkrli qonşusunun vəhşiliyinə qarşı mübarizə aparırdı. Əksəriyyəti qadın, körpə, yaşlı olan minlərlə insan əsir götürülmüşdü. Onların başına insanlıq tarixində görünməmiş müsibətlər açılırdı. Kiminin dərisi soyulur, kiminin qarnı deşilir, kimini ağaca bağlayıb orqanlarını hissə-hissə kəsirdilər. Sağ qalanları isə heç heyvan saxlanılmayan bir şəraitdə saxlayıb onlara dözülməz ağrılar yaşadırdılar.

Hər bir azərbaycanlı əlindən gələni edirdi ki, tarixin bu acı faciəsinə son qoyulsun. Minlərlə gəncimiz döyüşlərə atılır, öz canından kecirdi. Amma düşmən çox arxalı idi. Əsrlər boyu torpaqlarımıza böyük tamahla, iştahla baxan dövlətlər öz siyasi alətlərinin əməllərini seyr edir, dəhşətli hadisələrə rəvac verirdilər.  Düşmən daha da həyasızlaşır, daha çox torpaqlar ələ keçirmək üçün havadarlarının dəstəyi ilə  təkrar qanlar tökürdü.  1992-ci ildə tarixin ən qanlı hadisəsi – Xocalı qətliamı baş verdi. Düşmən gecə Xocalıya daxil oldu və misli görünməmiş bir soyqırım törətdi. Xəstə insanları yataqda, anaları körpələrinin gözü qarşısında güllələdi. Şaxtalı, qarlı havada ayaqyalın, yüngül paltarda qaçan insanların dalınca düşüb onları öldürdülər, əsir götürdülər.  Ətraf kəndlər içərisində böyük qorxu yaratmaq məqsədi ilə meyitlərin başına min oyun acdılar – başlarını əzdilər, dərilərini soydular...

... Amma bu dəhşətlər xalqımızı sındıra bilmədi. Xalqımız öz müqavimətini, mübarizəsini davam etdirdi. Babalarımızın ruhu bizi ümidsizlikdən qorudu. Əlindən gələni edən xalqımız hər zaman Allahın böyüklüyünə, haqqın, ədalətin qalib gələcəyinə inandı.

Xalqa bu dəhşətlərin bitəcəyinə, sonda qalib gələcəyinə inam verən  böyük, dünyaşöhrətli siyasətçi, Azərbaycanın xilaskarı Heydər Əliyev idi. Xalq ona inanırdı. Təəssüf ki, bu böyük insana qarşı da mənfur planlar həyata keçirilirdi. 1990-cı il 20 Yanvar hadisələri zamanı Moskvada, Azərbaycanın səfirliyində xalqı başına yığan, bu faciəni bütün dünya ictimaiyyətinə çatdıran Ulu Öndərin öz xalqının köməyinə gəlməsinə da xeyli məkrli maneələr yaradılmışdı. Amma Heydər Əliyevin dahiliyi bu maneələri aşmağa  kömək etdi. O, böyük çətinliklərlə də olsa, Azərbaycana qayıtdı. Lakin Moskvanın qorxusundan onu ölkənin paytaxtına - Bakıya buraxmadılar. Burada yaşamasına,  xalqına kömək etməsinə imkan vermədilər. O, doğulduğu torpağa, Naxçıvana getməyə məcbur oldu.

Öz vətəninin başına açılan oyunların miqyasının nə qədər böyük, güc mərkəzlərinin əksəriyyətinin maraq dairəsində olduğunu dərindən təhlil edən bu dahi insan Naxçıvanda olsa da, xilaskarlıq missiyasını ortaya qoyaraq yollar axtarırdı. O zaman bu yolları ondan yaxşı bilən, bu yollarda inamla getməyi bacaran başqa bir insan yox idi.

1993-cü ilin may-iyun aylarında vətənimizin başı üzərində qara buludlar daha da qatılaşmağa başladı. Bu dəfə daha böyük bir fəlakət gəlirdi – Azərbaycanı parcalamaq, hissələrə bölmək planı həyata keçirilirdi. Bu, tariximizin ən böyük  faciəsi olacaqdı. Həmin vaxt, iyun ayının 15-də  Heydər Əliyev xalqın arzusu, xalqın tələbi ilə paytaxta döndü.  Milli Məclisin sədri seçildi. Bununla da xalqın ürəyindən vətəni tamamilə itirmək qorxusu, xofu götürüldü. Hər kəsdə sabaha, qələbəyə  inam  hissi artdı. Şanlı Zəfər bayramımıza gələn yollar görünməyə başladı.

Ulu Öndərin Bakıya dönməsi, ölkənin rəhbəri olması beynəlxalq güclərin Azərbaycana münasibətini ciddi şəkildə dəyişdi. Düşmənlərin vətənimiz ətrafında qurduğu oyunlara son qoyuldu. Dostlarımız bizimlə əlaqələrini daha inamla  qurmağa başladı. Hər kəs bilirdi ki, artıq Azərbaycana dünyada gedən proseslərin mahiyyətini dərindən təhlil edən, qətiyyətli addımlar atan müdrik bir insan başçılıq edir.

Xalqımızın Ümummilli Lideri dərhal böyük bir ilhamla, enerji ilə geniş fəaliyyətə başladı. Müharibə dayandırıldı. Ölkədə əmin-amanlıq yaradıldı. Xarici ölkələrlə, güc mərkəzləri ilə möhkəm siyasi əlaqələr quruldu. Ölkənin özünü toparlaması, ayağa qalxması üçün zəruri olan iqtisadi resurslarımız hərəkətə gətirildi. 1994-cü il, sentyabrın 20-də, “Əsrin Müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Azərbaycan ordusu yenidən qurulmağa başladı. Bununla da bu Zəfər bayramımıza gələn yollarda ilk addımlar atıldı.

2003-cü ildə xalqımızın xilaskarı Heydər Əliyevin layiqli  davamçısı, yüksək siyasi erudisiyalı, savadlı, müasir dünyada baş verənləri Heydər Əliyev kimi dərindən duya bilən İlham Əliyevin hakimiyyətə gəlməsi, başlanmış işlərin yarımçıq qalmamasına kömək etdi. Məhz İlham Əliyev  hansı işin  harada yarımçıq qaldığı, haradan başlamağın daha zəruri olduğunu hamıdan yaxşı bilirdi. Onun hakimiyyətə başladığı ilk illərdən ölkəyə daxil olan neft gəlirləri imkanlarımızı xeyli artırdı. Prezident  İlham Əliyev bu gəlirləri ölkədə abadlıq işləri ilə yanaşı, ilk növbədə hərbi potensialımızın güclənməsinə yönəltdi. Xeyli gənc hərbçimiz qardaş Türkiyədə təhsillərini davam etdirdilər. Türkiyə ilə qarşılıqlı əlaqələrimiz daha da gücləndi. Digər dost ölkələrlə də əlaqələrimizə xüsusi diqqət yetirildi. Düşmən mövqeli olanları neytrallaşdırmaq sahəsində uğurlu tədbirlər görüldü. Zəfər bayramımıza gələn yollarda daha möhtəşəm addımlar atıldı.  Xalqın İlham Əliyevə də Heydər Əliyev kimi inam və məhəbbəti  böyük idi. Ölkədəki daxili siyasi qüvvələr, xalq onun ətrafında birləşdi. Hər kəs işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün fəaliyyət göstərdi.

Son illər Azərbaycan cəmiyyətinə bir çox dövlətlərin, beynəlxalq təşkilatların, siyasi xadimlərin beynəlxalq qanunların tələbi ilə üzdə Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, arxada düşmənə havadarlıq etdikləri aydın olmuşdu. Müxtəlif danışıqlar, müzakirələr vasitəsi ilə vaxtı uzatmaq, xalqımızı məğlubiyyətlə barışdırmağa çalışırdılar. Artıq insanlar başa düşməyə başladı ki, torpaqlarımızı yalnız müharibə yolu ilə geri qaytara bilərik. Müdrik Prezidentimiz İlham Əliyev bu fikri daha tez-tez səsləndirməyə başladı. Dövlətimizin başçısı qəti addımlar ataraq müharibə üçün çox böyük, dəqiq, etibarlı hazırlıqlar görürdü. Bu, bizi Zəfər günümüzə daha da yaxınlaşdırırdı.

2020-ci ilin iyul ayında Tovuzda düşmənin sərhədlərimizi pozmaq cəhdi zamanı baş verən qısa müddətli döyüşlər, xalqımızın layiqli övladı, general Polad Həşimovun və digər vətəndaşlarımızın şəhid olması insanların səbr kasasını daşırdı, ölkənin bütün əhalisini səfərbər etdi.  Sentyabrın 27-də düşmən sərhədlərimizi bir daha pozmağa cəhd edəndə, Ali Baş Komandan Vətən  müharibəsinə başlama əmrini verdi. Müzəffər Ordumuz hərəkətə keçdi. Bütün ölkə ayağa qalxdı.  Haqqın, ədalətin qalib gələcəyinə şübhə etməyən, öz rəhbərinə inanan  xalqımız müharibənin başlamasını sevinclə qarşıladı.

Hamı torpaqlarımızın işğaldan azad olunacağına inanırdı. Gənclərimiz könüllü şəkildə cəbhəyə axışdı. Arxa cəbhədə də hər kəs əlindən gələni etməyə başladı. Xüsusi ilə döyüş bölgələrinə yaxın ərazidə yaşayan əhali ordumuza hər cür kömək göstərmək üçün böyük fədakarlıq etdi.

Müharibənin başladığı ilk günlərdən Ali Baş Komandanın necə ciddi-cəhdlə fəaliyyətdə olduğu hər kəsdə qələbəyə inam hissini xeyli artırdı. Hər kəs onun ordunun fəaliyyətinin tənzimlənməsindəki, döyüşlərin planlarını qurmasındakı fəaliyyətindən xəbərdar idi. Ali Baş Komandanın müharibə dövründə hər gün xarici jurnalistlərə verdiyi müsahibələrin döyüşlərin taleyində hansı rol oynadığı aydın görünürdü. Eyni zamanda, beynəlxalq səviyyədə də ciddi, diplomatik mübarizə aparırdı. Beynəlxalq təşkilatlarda əleyhimizə qərarlar qəbul edilməsinin, müharibənin dayandırılmasının, düşmənə silah daşınmasının qarşısını almaq üçün böyük rəşadət göstərirdi. Xalq bu müharibə dövründə öz Prezidentini, rəhbərini yenidən kəşf etdi! Onu daha çox sevdi və ona daha çox etibar etdi! Prezidentin bu fəaliyyəti orduda döyüşənlərdə də inam hissini xeyli artırdı, onları daha mübariz etdi. Tez bir zamanda cəbhədə təşəbbüsü ələ aldıq. Ali Baş Komandan hər gün yeni qələbələrimizi -  torpaqlarımızın hissə-hissə geri alındığını xalqa elan etdi.     

Bütün dünya xalqımızın övladlarının bu döyüşlərdə öz babalarının layiqli davamçıları olmasının, vətənlərini nə dərəcədə sevmələrinin, vətən yolunda ölümə getmələrinin şahidi oldu. Şuşa qalasının alınması isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız bu müharibədə həm özünün hərbi qüdrətini, həm zəkasını, həm iradəsini və mənəviyyatını nümayiş etdirdi.

Şanlı Zəfər Günü sabahımıza inamımızın, haqqın, ədalətin bayramıdır!

İsrayil İsgəndərov,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru 

Xəbər lenti