Logo

Çexiyada keçirilən beynəlxalq konfransda akademik Şahin Mustafayevin məruzəsi dinlənilib

08.11.2021 17:52 574 baxış
IMG

Çexiyanın paytaxtı Praqada Alman Tarix İnstitutu və onun Polşa və Çexiyadan olan elmi tərəfdaşlarının birgə təşkilatçılığı ilə “Modern dövrünə qədər qeyri-bərabər regional inkişaf: “Gənc Avropa” transkontinental şəbəkələrdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan bildirilib ki, ölkəmizi bu elmi tədbirdə akademik Şahin Mustafayev təmsil edib. Azərbaycanlı alim “Şəhər mərkəzi və ətraf kənd periferiyasında toplanan vergi fərqliliyi: 1727-ci ildə Təbriz əyalətinin Osmanlı vergi dəftərinin məlumatı əsasında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə azərbaycanlı şərqşünas-tarixçi Osmanlı arxiv sənədinin məlumatlarını təhlil edərək, Təbriz şəhəri və əyalətinin timsalında orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmış ənənəvi Şərq cəmiyyətlərinin artıq XVIII əsrin 20-ci illərində iqtisadi və demoqrafik tənəzzül keçirdiklərini və bu prosesin xüsusiyyətlərini avropalı alimlərin diqqətinə çatdırıb.

Konfransın əsas məqsədi orta əsrlərin sonunda dünyanın müxtəlif regionlarının inkişafında meydana çıxan yeni meyillərin təsirilə Qərbi Avropanın sosial və texnoloji yüksəlişi və bu transformasiyaların qlobal tarixin sonrakı gedişatını müəyyənləşdirməsi fenomeninin yeni konsepsiyalar çərçivəsində dəyərləndirilməsi olub.

Konfransda Almaniya, Polşa, Çexiya, Norveç, Litva, Ukrayna və digər ölkələrdən tanınmış tarixçilər iştirak ediblər.

Xəbər lenti