Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır -
İlham Əliyev
Xalqımın doğma yurduna 30 illik həsrətinin bitdiyi zəfər tarixi. Və bu həsrətə son qoyan igid azəri oğulları. O oğulları yetişdirən mətanətli analar.
27 sentyabr 2020-ci il xalqımızın səbr kasasının daşmasına son damla oldu. Mənfur düşmən heç bir vəchlə Azərbaycana məxsus olan torpaqları tərk etmək istəmirdi. Saxta tarix yazaraq öz torpaqları kimi mənimsəmək iddiasında idi. Elə bu niyyətlə də 2020-ci ilin 12 iyul tarixində Azərbaycan dövlət sərhəddinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca atəşkəs rejimini pozaraq,zirehli texnika və canlı qüvvələrlə Azərbaycana qarşı artilletiya hücumu etdi. İki hərbi qulluqçumuzun şəhid olması ilə nəticələnən "Tovuz döyüşləri" xalqımızın səbrini daşırdı. Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmrini hər bir kəs intizarla gözləyirdi.
Nəhayət,qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında l Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Ali Baş Komandanımız ölkəmizfə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Pilotsuz təyyarələr, sensorlar, ağır artilleriya və raket zərbələrinin istifadəsi, həmçinin informasiya müharibəsi ilə yaddaşlarda iz saldı "Vətən müharibəsi". "Dəmir yumruq" əməliyyatı ilə yadda qalan bu müharibə doğma torpaqlarımızın azad olunması ilə nəticələndi.Qalibiyyətlərimiz ard-arda düzüldü. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzili, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda isə Qarabağımızın incisi olan Şuşa işğaldan azad edildi. Ali Baş Komandanımız İlham Əliyev böyük qürur hissi ilə "Əziz Şuşa, sən azadsan" deyə xalqını zəfər xəbəri ilə müjdələdi. Şuşa Qarabağın döyünən ürəyidir.
Ulularımız göz bəbəkləri kimi qorumuşlar Şuşamızı, əldən verməmişlər. Onların əmanətinə sahib çıxmaq bizim müqəddəs borcumuzdur. Və biz borcumuzu yetinə yetirən qəhrəman, məğrur xalqıq.İgidlərimiz qanları,canları ilə yurdumuzu ərazi bütövlüyünə qovuşdurdular. Xalqımız müharibə müddətində böyük əzm nümayiş etdirdi. Yenilməz Ali Baş Komandanımız, müzəffər ordumuz, şəhidlərimiz və qazilərimiz "Zəfər tarixi"ni birgə yazdılar.
Bu zəfərin qazanılmasında qan qardaşımız əziz Türkiyə öz mənəvi dəstəyini əsirgəmədi və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında oldu.
Böyük canlı və texniki qüvvə itirən düşmən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00 dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına razı oldu. Torpaqlarımızın qalan hissələri işğaldan müharibəsiz azad olundu.20 noyabr 2020-co il tarixində Ağdam, 25 noyabr 2020-ci il tarixində Kəlbəcər, 1 dekabr 2020-ci il tarixində isə Laçın Azərbaycana geri qaytarıldı.
30 ildən sonra Qarabağda tarixi ədalətin bərpa edildiyinə bizim qədər sevinən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Qarabağın qalası olan Şuşaya səfəri, məhz Qarabağda imzalanan "Şuşa Bəyannaməsi" bir millət iki dövlət paradiqmasının işğala son verərək artıq Qarabağ məsələsini həll etdiyi, Xankəndi də daxil, ermənilərin yaşadığı bölgələr üzərində də Azərbaycanın suveren hüquqlarının bərpa edilməsinin qaçınılmaz olacağı, xarici müdaxilə istəklərinə yer olmadığı, regionda quruculuq və sülh dövrünün başlandığının dünyaya elan edilməsi baxımından da tarixi önəmdə olmuşdur.
Türkiyə Prezidentinin Azərbaycana ikinci səfəri 26 oktyabr 2021-ci il tarixində gerçəkləşdiyi zaman Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı türk-qardaşlığı birliyinin və gücünün nümayişidir.
Türkiyə Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək,xalqlarımız bir-birinə daha da yaxın olacaq,dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Azad etdiuimiz torpaqları dirçəltmək məqsədilə, vətən müharibəsində qazandığımız zəfər sonrası yenidənqurma və bərpa işlərinə start verildi. Və qısa müddət ərzində Fizuli rayonunda "Fizuli Beynəlxalq Hava Limanı" tam hazır oldu. Hal-hazırda isə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi Rayon Xəstəxanasının inşası davam etməkdədir. Bununla yanaşı kənd təsərrüfatı istehsalı və emalı istiqamətində iri miqyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin,H.Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, "kərpic evlər" adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına növbəti səfərləri zamanı dövlət başçısı və xanımı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Səfər çərçivəsində həmçinin,görüşlər keçirmələri bir daha bu yerlərin öz həqiqi sahiblərinin əli ilə tam dirçəldiləcəyinə, rahat infrastruktur yaradılacağına və məcburi köçkün soydaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacaqlarına inamımızı möhkəmləndirmişdir.
Cəmi bir il ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.
Biz bütün dünyaya sübut edirik ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Qarabağ Azərbaycandır! Azərbaycan Xalqının Şanlı Ordusu və Müdrik Prezidenti bu qalibiyyəti tariximizə əbədi həkk etdi. Bu yolda canından və qanından keçən igidlərimizin qarşısında baş əyirik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Şanlı və Müzəffər Ordumuz! Zəfər Günümüz mübarək!
Təhminə Qurbanova,
İmişli rayonu Hacıbabalı kənd ümumi orta məktəbin biologiya müəllimi.