Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlara elmi-metodik köməklik məqsədi ilə tərtib olunmuş “500 test tapşırığı” tapşırıqlar toplusu 2019-cu ildə nəşr olunarkən bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyi qeyd olunmuşdur.
Keçən dövr ərzində test imtahanına hazırlaşanların istəyi nəzərə alınaraq həmin test toplusunun və 2018-ci ildə nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” adlı metodik vəsaitin müəyyən redaktələrlə təkrar nəşri həyata keçirilmişdir.
Eyni zamanda DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalı dövri olaraq nəşr olunmuş, jurnala test imtahanında istifadə olunan düzgün cavablandırma faizi aşağı olan test tapşırıqlarının düzgün cavablandırılması üçün elmi-metodik izahı və tövsiyələr, bu sahədə daha çox istifadə olunan qanunvericilik aktları, müsabiqənin – test imtahanı və müsahibələrin nəticələrinin statistik təhlili, dövlət qulluğu ilə bağlı ictimaiyyəti daha çox maraqlandıran sullara müvafiq cavablar və digər lazımi materiallar daxil edilmişdir.
Hazırda DİM-in namizədlərə təqdim etdiyi “1000 test tapşırığı” test tapşırıqları toplusu əvvəl nəşr olunmuş “500 test tapşırığı” toplusuna daxil edilmiş tapşırıqlar da saxlanılmaqla 1000 test tapşırığına tamamlanaraq yeni tərtibatda hazırlanmışdır. Məlum olduğu kimi, əvvəlki topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri - Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilmiş və toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə hər variant 100 test tapşırığından ibarət olmaqla beş variantda tərtib olunmuşdur. “1000 test tapşırığı” test toplusuna daxil edilən tapşırıqlar da test imtahanı mərhələsində yoxlanılan bilik sahələrinin proqramları əsasında hazırlanmış və bilik sahələri üzrə ayrı-ayrı bloklar şəklində verilmişdir.
Topluya Azərbaycan dili üzrə 150, qanunvericilik üzrə 400, informasiya texnologiyaları üzrə 150, məntiqi təfəkkürün yoxlanılması üzrə 300 test tapşırığı daxil edilmiş və topluda test tapşırıqlarının düzgün cavabları da öz əksini tapmışdır.
Yaxın günlərdə test toplusunu DİM-in inzibati binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək mümkün olacaq.