Logo

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun Zəfər Günü münasibətilə TƏBRİKİ

09.11.2021 11:08 634 baxış
IMG

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun  TƏBRİKİ

Hörmətli professor-müəllim heyəti və universitetimizin əməkdaşları! 
Əziz tələbələr!

Sizi Vətən müharibəsində misilsiz qələbə ilə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. 
          Bir il əvvəl Azərbaycan xalqı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə onun ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızın qəsbkar  Ermənistanın  işğalından azad olunması uğrunda səfərbər oldu. Rəşadətli ordumuz cəbhədə düşməni darmadağın edərək, 30 ildən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə tarixi qələbə qazandı. Xalqımızın qətiyyətli dəstəyinə söykənərək qüdrətli silahlı qüvvələrimizə məharətlə sərkərdəlik etmiş Ali Baş Komandan İlham Əliyev Azərbaycanın 44 günlük zəfər yürüşünün təşkilatçısı və rəhbəri oldu. 
          Xüsusilə vurğulamaq lazımdır ki, dövlətimizə başçılığı dövründə cənab Prezident ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunu uğurla davam etdirmiş, Azərbaycanı iqtisadi cəhətdən daha da möhkəmləndirmiş, yüksək döyüş qabiliyyətinə malik ordu quruculuğunu təmin etmiş, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə nail olmuşdur. Müharibə günlərində cəsur əsgər və zabitlərimiz döyüş meydanlarında fədakarlıq və qəhrəmanlıq göstərir, cənab Prezident İlham Əliyev isə həm də qlobal diplomatiya-informasiya savaşındakı dəqiq və ardıcıl gedişləri ilə haqq işimizin beynəlxalq təminatını yaradırdı.
        Xalqımızın böyük Zəfəri ilə başa çatmış İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu möhtəşəm qələbə ilə müstəqillik illərində ağır məhrumiyyətlərlə üzləşmiş xalqımız öz milli qürurunu bərpa etdi və ləyaqətini qorudu.  Prezident İlham Əliyev qazandığımız tarixi qələbədə xalqımızın, xüsusilə onun gənc nəslinin rolunu yüksək qiymətləndirərək demişdir: “ Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. ...Mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.”
Vətən yolunda göz qırpmadan canlarını fəda edən, böyük şücaət və qəhrəmanlıq nümayiş etdirən igid oğul və qızlarımızın formalaşmasında, heç şübhəsiz, Azərbaycan müəllimlərinin uzun illər sərf etdiyi gərgin əməyi və fədakarlığı danılmazdır. Müəllimlərimiz sağlam gənclik yetişdirməklə yanaşı, özləri də ön cəbhədə düşmənlə savaşdılar. Fəxr edirik ki, onların sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin də tələbə və məzunları yer alırlar. Belə ki, ən son məlumatlara görə universitetimizin 180-dən  çox tələbə və məzunu Vətən müharibəsində iştirak edib. Onlardan aralarında Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da olmaqla 12 nəfəri şəhidlik zirvəsinə yüksəlib.
         Xalqımızın  mənəvi qürurunu dirçəltmiş, Vətənin bütövlüyü naminə həyatlarını qurban vermiş igidlərimizin – müqəddəs Şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında hörmətlə baş əyir, düşmənlə ölüm – dirim savaşında mərdlik göstərmiş bütün əsgər və zabitlərimizi alqışlayırıq.
 Bu gün artıq doğma Qarabağımızda möhtəşəm quruculuq işləri vüsət alıb. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  dövlətimiz və xalqımız bu müqəddəs vəzifələrin də öhdəsindən layiqincə gələcək. Bizim kollektivimizin üzvləri də - həm pedaqoqlar, həm də bu günün tələbəsi, sabahın gənc müəllimləri bu sahədə görülən tədbirlərdə bütün bilik və bacarıqlarını əsirgəməyəcəklər.

 Hörmətli həmkarlar və tələbələr!

       Cəsur döyüşçülərimizin qəhrəmanlığı, ölməz şəhidlərimizin qanı hesabına azad olunmuş kənd və şəhərlərimizdə üçrəngli müqəddəs bayrağımız əzəmətlə dalğalanır. Zəfər bayramı həm də Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf edir. Bir neçə gündən sonra isə ölkəmizdə Konstitusiya Günü də qeyd olunacaq. Fürsətdən istifadə edərək hər birinizi Azərbaycan Respublikasının həyatında önəmli yer tutan bu şanlı bayram günləri münasibətilə ürəkdən təbrik edir, Vətənimizin rifahı üçün fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Xəbər lenti