Vətən müharibəsində qələbə ardınca qələbə qazanan Azərbaycan Ordusu hər kəsdə böyük ruh yüksəkliyi yaratmaqla sevincimizi birə min artırırdı. Həmin günlər hər kəs dəmir yumruq kimi birləşərək arxa cəbhədə əlindən gələni etməyə çalışırdı. Kimisi cəbhəyə yardımlar edir, kimisi əsgərlərimiz üçün yorğan salır, kimisi də bayraqlar hazırlayıb vətəndaşlara paylayırdı.
Mingəçevirdə məskunlaşan, əslən Ağdam rayonundan olan Valeh Məmmədov ötən il tikib hazırladığı ən böyük bayraqla yaddaşlarda qaldı. Onun əl işi 16 metr uzunluğunda olan Azərbaycan, ondan bir qədər qısa Türkiyə, üç metrə yaxın uzunluğu olan Pakistan bayraqları Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binanı bəzədi. 65 yaşlı Valeh Məmmədov kiçik məkanda gördüyü böyük işlərlə hər kəsin rəğbətini qazandı.
İndi onun bir arzusu var. Daha böyük ölçülü bayraq tikərək, Ağdamın mərkəzindən asmaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: