Millətin azadlıq rəmzi, Vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli Azərbaycan bayrağının ilk dəfə səmada dalğalanmasından 103 il ötür. 1918-ci ilin noyabrında qəbul edilən üçrəngli dövlət bayrağımızdan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra - 1920-ci ilin aprelində imtina olundu. Yalnız 70 il sonra, 1990-cı ilin 17 noyabr tarixində üçrəngli bayrağımız Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra digər dövlət rəmzlərimiz kimi, üçrəngli bayrağımız da bərpa olundu. Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan üçrəngli dövlət bayrağımızı Şərqdə ilk parlamentli, demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul etdi. Üstündə ay-ulduz nişanəsi olan Dövlət bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət bayrağımızdakı mavi rəng türkçülüyə, qırmızı rəng müasirliyə, yaşıl rəng isə islamçılığa mənsubluq anlamını ifadə edir. Bu gün dünyanın, demək olar, bütün ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda ən yüksək səviyyədə təmsil olunan dövlətimiz həm də öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan, əksər sülhməramlı tədirlərdə bütün qüvvəsilə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə təcəssüm etdirir. Dikilən, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi dalğalanır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan diqqət və qayğısı onun siyasi kursunun layiqli, mükəmməl davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 9 Noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması bu yolun uğurlu davamı, milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. 2010-cu il, 1 sentyabr tarixində Bakı şəhərində Dövlət Bayrağı Meydanının təntənəli açılışı hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı. Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Son bir ildə baş verən hadisələrin ardıcıllığı, Tarixi Zəfərimiz, işğaldan azad edilmiş dədə-baba yurdlarımızın yenidən qurulması, Böyük Qayıdışa hazırlıq üç rəngli Müzəffər bayrağımızı dünyanın ən gözəl, ən uca bayrağına çevirib! Bəli 30 ilə yaxın üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarımızda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz anlar bu gün artıq reallığa çevrilib. Bu bayraq indi işğaldan azad edilmiş, Şuşada, Kəlbəcərdə, Hadrutda, Ağdamda, Laçında, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində, daha neçə-neçə Vətən torpağımızda qürurla, vüqarla dalğalanır!
Ruslan Sayadov,
Neftçala rayon sakini