Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, DQİDK sədri görüşdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dinə dövlət qayğısı və bu istiqamətlərdə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Habelə Komitə sədri ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər, konfessiyalar arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinə diqqət çəkib.
Bu günlərdə ildönümü qeyd edilən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər barədə də danışan Mübariz Qurbanlı işğaldan azad olunmuş ərazilərdəki erməni vandalizminin miqyasını, Qarabağda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycanın dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunması istiqamətində göstərdiyi bütün səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun ölkəmizin dinlərarası həmrəyliyin gücləndirilməsi sahəsindəki fəaliyyət və təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Sonda qonağa DQİDK-nın nəşr etdirdiyi kitablar təqdim edilib.