Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbində II qrup ixtisası açıldığını eşidəndə tərəddüdsüz buranı seçdim”

10.11.2021 22:16 696 baxış
IMG

Maya Kərimova 2004-cü ildə anadan olub. Bakı şəhəri, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunudur. Buraxılış və qəbul imtahanlarında 679,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasına daxil olub. İdmanla məşğul olmağı, rəsm çəkməyi çox sevir.  Asudə vaxtlarında mütaliə ilə də məşğul olur.

- Bakı Ali Neft Məktəbinə marağınız necə yarandı?

- Bakı Ali Neft Məktəbi barədə məlumatım çox idi. Yaxınlarım, tanışlarım arasında burada təhsil alan tələbələr, məzunlar çoxdur. Onlar bu Ali Məktəb barədə yaxşı sözlər deyir, həm təhsil, həm də işlə təminat baxımından mükəmməl olduğunu bildirirdilər. Lakin mən ali məktəbə II ixtisas qrupu üzrə hazırlaşırdım. Təəssüf edirdim ki, Bakı Ali Neft Məktəbində bu qrup üzrə qəbul keçirilmir. Bu il Bakı Ali Neft Məktəbində II qrup üzrə ixtisas açıldığı barədə məlumatı eşidəndə çox sevindim və tərəddüdsüz, heç bir şübhə etmədən buranı seçdim.
 
- Seçdiyiniz ixtisas barədə nə deyə bilərsiniz?

- Biznesin idarə edilməsi ixtisasını perspektivli və tələbat çox olan ixtisas hesab edirəm. Bütün sahələrdə bu ixtisasa ehtiyac olduğunu düşünürəm. Ona görə bu ixtisasa marağım yaranmışdı. Hansı universiteti seçsəm, biznesin idarə edilməsi ixtisasında təhsil almağı planlamışdım. Əslində, Bakı Ali Neft Məktəbində II ixtisas qrupu üzrə qəbul olacağı elan ediləndə, Biznesin idarə edilməsi ixtisası açılacağını bilmirdim. Amma yenə də bu Ali Məktəbi seçmək fikrimdə qəti idim. Sonra açılan ixtisasın Biznesin idarə edilməsi olduğunu öyrəndim. İstədiyim Ali Məktəbdə, arzuladığım ixtisasa qəbul olanda mənim üçün böyük xoşbəxtlik oldu.  
 
- İmtahanlara necə hazırlaşırdınız?

- Hamı kimi bu proses mənə də çox çətin idi. Bu dövrü çox az yuxu, çox çalışmaq, səbir, dözüm, məsuliyyət kimi xatırlayıram. Sonda qələbə, uğur əldə edəcəyimi bildiyimə görə həmişə dişimi sıxıb, son saniyəsinə kimi dözmüşəm. İmtahan ərəfəsi hər bir şagirdə həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi təsir edir. Amma bunun öhdəsindən layiqincə gəlməyə çalışdım.
 
- Abituriyentlərə nə məsləhət görürsünüz?

- Ən vacibi məsuliyyətli olmaqdır. Abituriyentlər məsuliyyətli olub öz işlərini, öhdəliklərini dərk etməlidirlər.Bu öhdəlikləri dərk etdikdən sonra çox ciddi şəkildə çalışmalıdırlar. Qarşılarına məqsəd qoymalıdırlar və o məqsədə doğru əmin addımlarla irəliləməlidirlər. Bir də oxumaq, oxumaq, ancaq oxumaq lazımdır.
 
- Adınızı Prezident təqaüdçüləri sırasında görəndə hansı hissləri keçirdiniz?

- Balımın yüksək olduğunu nəzərə alaraq, bu siyahıda adımın olacağını təxmin edirdim. Amma Prezident Sərəncamının açıqlanmasını, siyahının elan olunmasını dörd gözlə gözləyirdim.Cənab Prezidentin Sərəncamını görəndən sonra keçirdiyim sevinc hissləri çox böyükdür. Adımı siyahıda oxuyanda ilk növbədə valideynlərimə, sonra müəllimlərimə çatdırdım. Hamının üzündəki gülüş ifadəsi, səsindəki sevinc məni çox xoşbəxt etdi və özümlə bir az fəxr etdim.
 
- Gələcək hədəfləriniz nələrdir?

- Əvvəlcə Bakı Ali Neft Məktəbinə layiqli tələbə kimi oxuyub məzun olmaq istəyirəm. Təhsillə yanaşı, idman sahəsində də müəyyən nailiyyətlər qazanmaq niyyətindəyəm. Ən böyük hədəfim gələcəkdə ixtisasımın sahibi, əsl bu peşəyə layiqli şəxs olaraq yetişməkdir.

Xəbər lenti