“Təhsil sahəsində Nobel mükafatı”na amerikalı Keyş Torp layiq görüldü
Amerikanın Merilend ştatından olan müəllim Keyş Torp hər il müəllimlər üçün Varki Fondu tərəfindən təsis olunan 1 milyon dollar məbləğində Qlobal Mükafatı qazanıb. Nəticələr noyabrın 10-da Varki Fondu tərəfindən elan edilib. Yamayka əsilli olan Keyş Torp dünyanın 121 ölkəsindən 800 müəllim arasından seçilərək bu mükafata layiq görülüb.
Fondun əsası 2014-cü ildə təhsil standartlarının yaxşılaşdırılması və bütün dünyada müəllimlərin ixtisasının artırılması məqsədilə qoyulub. “Təhsil sahəsində Nobel mükafatı” kimi də qiymətləndirilən Qlobal Müəllimlər Mükafatı tanınmağa və mükafata layiq olan müəllimlərin həyatımız üçün əhəmiyyət və vacibliyini nümayiş etdirmək baxımından verilir.
K. Torp müəllimlərin diqqətini cəlb etdiyinə və onların hekayələrini dünyaya çatdırdığına görə Fonda minnətdarlığını bildirib. O, Merilend ştatında yerləşən Beynəlxalq Liseydə ingilis dilini tədris edir. Məktəbin şagirdlərinin 85 faizdən çoxu Latın Amerikasındandır. Onların 95 faizi isə gəliri az olan şəxslər kateqoriyasına aiddir. O, həm də öz immiqrant şagirdlərinin mükəmməl müdafiəçisidir.
Oruc MUSTAFAYEV