Logo

Prezident təqaüdçüsü: “BANM hər baxımdan ideal təhsil ocağıdır”

11.11.2021 21:11 364 baxış
IMG

Prezident təqaüdçüsü Yaşar İbrahimxəlilov Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter mühəndisliyi ixtisasının tələbəsidir. O, 2004-cü ildə Şəki şəhərində doğulub. Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyin məzunudur. Qəbul imtahanlarında 681,5 bal toplayaraq BANM-in tələbəsi adını qazanıb.

- Necə oldu ki, Bakı Ali Neft Məktəbində təhsil almaq qərarına gəldiniz?

- Qohumlarımız arasında BANM-də təhsil alan Prezident təqaüdçüsü var. Hər zaman bura haqqında yaxşı fikirlər eşidirdik. Ailəm də maraqlandı, araşdırdıq və BANM-ə hazırlaşmağı tövsiyə etdilər. Uşaq vaxtlarımdan kompüterə, proqramlaşdırmaya çox böyük həvəsim olub. Burada da belə bir ixtisas olduğunu öyrəndim və heç tərəddüd etmədən BANM-də təhsil almağı qarşıma məqsəd qoydum. Məhz yüksəl bal toplamaq, Prezident təqaüdçüsü olmaq və bu Ali Məktəbə daxil olmaq üçün hazırlaşırdım.
 
- Qarşısına bu cür məqsəd qoyan abituriyentlərə nə məsləhət görürsünüz?

- Dayanmadan, səylə çalışmaq lazımdır. Başqa fəaliyyətlərlə özlərini, beyinlərini yormasınlar. Sırf dərslərə yönəlməlidirlər. Bütün günü dərs oxumaq da məsləhət deyil, istirahət etmək vacibdir. Oyun da oynamaq olar, gəzmək, əylənmək də. Sadəcə olaraq, hər şeyi vaxtlı-vaxtında, qrafiklə, rejimlə etsələr, daha yaxşı nəticə göstərərlər, daha uğurlu olar. Prezident təqaüdçüsü olandan sonra bunu qoruyub saxlamaq üçün də çox çalışmalısan.
 
- Siz imtahanlara necə hazırlaşırdınız?

- Günümün əsas hissəsini dərs oxumaqla keçirirdim. 5-10 saat arası dərs oxuduğum günlər olub. Lakin səhəri bunu kompensasiya etmək üçün istirahətimə daha çox vaxt ayırırdım. İmtahan verəcəyim fənlərdən başqa ingilis dili hazırlığına önəm verirdim. Bəzən o qədər oxuyurdum ki, başımda ağrılar yaranırdı. Amma heç vaxt ruhdan düşmürdüm.
 
- Gələcək hədəfləriniz nədir?

- İlk növbədə BANM-i uğurlu tələbə kimi, yüksək qiymətlərlə, əlaçı bitirmək istəyirəm. Sonra təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Məqsədim, ən böyük hədəfim öz şirkətimi qurmaqdır.  
 
- Bir aydır dərslər başlayıb. Təəssüratlarınız necədir?

- Düşünürdüm ki, universitet sıxıcı bir yerdir. Amma BANM-də əksini gördüm, yaxşı mənada gözləmədiyim halla rastlaşmışam. Mən öznəqapalı, ünsiyyət qura bilməyən insan olmuşam. Lakin bura gələndən sonra tamamilə dəyişmişəm, hər kəslə gözəl münasibət qururam, dostlar qazanmışam. Müəllimlər möhtəşəm, yüksək səviyyəli,  tələbələr fərqlidirlər. Burada çox gözəl aura, ab-hava var. Artıq qrupda işləmək bacarıqlarımı kəşf efmişəm, tələbə yoldaşlarımızla layihələr üzərində düşünürük. Dərsdən kənar faydalı məşğuliyyətlər tapmağa çalışırıq. Hörmətli rektorumuz, müəllimlərimiz, yuxarı kursun tələbələri bütün işlərimizdə, hər mövzuda bizə dəstək olurlar. BANM hər baxımdan ideal təhsil ocağıdır.

Xəbər lenti