Logo

22 yaşlı Kərəmin qəhrəmanlıq dastanı - VİDEO

11.11.2021 21:46 439 baxış
IMG

3 qat dünya çempionu, Şuşa fatehi və 22 yaşında şəhadət şərbətini içən qəhrəman. Söhbət Vətən Müharibəsində qanı ilə tarix yazan şəhid Kərəm Veyisovdan gedir. 1998-ci il təvəllüdlü Kərəm uşaq yaşlarından idmanın kikboksinq növü məşğul olub. O, dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb.

Gənc çempion Vətən müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad olunmasında böyük şücaət göstərib. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. Şuşanın alınmasında böyük şücaət göstərən Kərəm Veyisov müharibənin başa çatmasına saatlar qalarkən yaxınlığında düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

İştirak etdiyi yarışlarda dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Kərəm, Vətən müharibəsində həm Şuşa həm də vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsini fəth etdi. Bununlada tək ailəsini deyil, bütün Azərbaycanın qüruruna çevrildi.

Qeyd edək ki, bu gün Kərəm Veyisovun şəhadətindən bir il ötür. Gənc yaşında adını müasir tariximizə qızıl hərflərlə yazdıran qəhrəman mərazı başında yad edildi. Onu da bildirək ki, Kərəm Veyisov Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, Vətən Uğrunda, Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə eləcə də döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib.

Xəbər lenti