- Xarici ölkədə təhsil almaq istəyirəm. Necə seçim edim ki, diplomum Azərbaycanda tanınsın?
Xarici ali təhsil ixtisaslarının Azərbaycanda tanınması məsələsinə "fərdi qaydada" baxılır, buna görə də diplomları tanınan təhsil müəssisələrinin "vahid siyahısı" yoxdur.
Lakin təhsil almaq istəyən şəxs ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin və tədris proqramının akkreditasiyasının olub-olmadığını yoxlaya bilər.
Xarici ölkələrdə alınan diplomların Azərbaycanda tanınması prosesinə Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyi nəzarət edir.
ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) şəbəkəsinin rəsmi internet səhifəsinə daxil olmaqla və ya seçəcəyiniz ölkənin yerli akkreditasiya orqanlarına müraciət etməklə həmin ölkə tərəfindən tanınan və akkreditə olunan təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
- Azərbaycanda hansı təhsil formaları tanınmır?
Xarici ölkədə distant, əyani-qiyabi (tədrisin müəyyən hissəsinin əyani, digər hissəsinin isə qiyabi əsaslarla aparıldığı təhsilalma forması), eksternat və ya fərdi təhsilalma forması ilə aldığınız təhsil Azərbaycanda tanınmayacaq. Təhsildə Keyfiyyət Təminatı Agentliyi deyir ki, bu təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.
Qurum vətəndaşlara bu tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat öyrənmələriini tövsiyə edir.
- Xaricdə təhsil şirkətləri müxtəlif vədlər verir. Nələrə fikir verməliyəm?
Sosial şəbəkələrdə müxtəlif ölkələrdə müxtəlif ali təhsil müəssisələrində təhsil almaq, bəzən imtahansız təhsil almaq vədi verilir. Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.
Vasitəçi şirkətlərin ən çox vəd etdiyi ölkələr sırasında Türkiyə, Ukrayna və Rusiyanın adı hallanır. Təhsil Nazirliyi xaricdə təhsil sahəsində "heç bir şirkətlə əməkdaşlıq etmədiyini" və bu şirkətlərin fəaliyyətinə görə "heç bir məsuliyyət daşımadığını" bildirib.
Nazirlik bildirir ki, xarici ölkədə təhsil üçün vasitəçi şirkətlərin xidmətlərindən istifadə edərkən çətinlik və mənfi hallarla üzləşməmək üçün vətəndaşlar təhsil müəssisəsini və tədris proqramını seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə edə bilərlər.
Təhsil Nazirliyi qeyd edir ki, vasitəçi şirkətlərin xarici ölkədə alınan diplomların Azərbaycanda tanınmasına dair vətəndaşa verdiyi vədlər prosesdə "heç bir rol oynamır".
Bu cür hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər.
- Xarici ölkədə əldə etdiyim diplomun Azərbaycanda tanınması üçün nə etməliyəm?
Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir. Ərizələrin qəbulu yalnız elektron qaydada, agentliyin saytındakı şəxsi kabinet vasitəsilə həyata keçirilir. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür.
Müraciət üçün tələb olunan sənədlərin siyahısıTəhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsində göstərilib.
Dövlət proqramları, o cümlədən hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil almış şəxslər də diplomlarının Azərbaycanda tanınması üçün müraciət etməlidirlər.
Ərizələrə bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır.
- Nə qədər pul ödəməliyəm?
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün rüsum məbləği 250 manat müəyyən edilib. Əvvəllər 15 manat olan bu rüsum artırılaraq 60 manat, 2020-ci ildə isə 250 manat səviyyəsinə çatdırılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu rüsumu 4 dəfədən çox artırmağa vadar edən amil və meyarların səbəbini açıqlamayıb.
Müraciətçilər sənədlərin ölkə ərazisində tanınması xidmətindən imtina etdikdə və ya prosedur üzrə imtina cavabı aldıqda ödənilən məbləğ geri qaytarılmır.
Müraciətçi elektron ərizə yaratdığı zaman xidmət haqqının geri qaytarılmayacağı barədə şərtlə razılaşmış olur.
- Xarici ölkədə alınan diplom Azərbaycanda hansı hallarda tanınmaya bilər?
"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi - nostrifikasiyası - Qaydaları"-na əsasən, xarici ali təhsil ixtisasının tanınmasından imtina qərarı aşağıdakı hallarda verilə bilər:
Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;
Təhsil haqqında sənədin verildiyi ölkədə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda - məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa;
Xarici ölkələrdə verilən təhsil ixtisaslar üzrə əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin iixtisas üzrə belə təhsil formasına yol verilmədikdə;
Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu - məsələn, təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s. aşkarlandıqda.
- Diplomumun tanınmasına "imtina" qərarından razı deyiləm, nə edə bilərəm?
Diplomunuzun Azərbaycan ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri sizi qane etməzsə, bu barədə 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərsiniz.
Ali Məhkəmənin internet səhifəsində bu cür qaldırılan iddialar arasında həm təmin edilən, həm də edilməyən qərarlara rast gəlmək olur.
- Ən çox verilən imtina səbəblərihansılardır?
Son üç ildə xarici ölkədə alınan diplomların Azərbaycanda tanınması üçün 10 min 430 nəfər müraciət edib. Onlardan 2261 nəfərinə imtina cavabı verilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi bildirib ki, imtinaların ən çox qeydə alınan səbəbləri "vətəndaşın təhsil normativinə uyğun olaraq, təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması" və qiymət cədvəlində qeyd olunan tədris dili üzrə vətəndaşın bilik səviyyəsinin qənaətbəxş olmamasıdır.
Kvalifikasiyanın tanınması üçün tələb olunan sənədlər siyahısında ümumvətəndaş pasportunun sərhədkeçməni bildirən bütün möhürlü səhifələrinin təqdim olunması tələbi yer alır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi bildirib ki, tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə ekspertiza prosesinin tərkib hissəsi olan müsahibə mərhələsi təşkil olunur. Müsahibə ərzində ərizəçinin tədris dilində danışıq, yazı və tərcümə etmək bacarığı yoxlanılır. Müsahibənin yekununda protokola uyğun olaraq qiymətləndirmə aparılır.
- Ən çox imtina edilən təhsil müəssisələri hansılardır?
Təhsildə Keyfiyyət Təminatı Agentliyi BBC News Azərbaycancanın sorğusuna cavabında deyib ki, 2017-ci ildən etibarən diplomların Azərbaycanda tanınması ilə bağlı verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Bunlar aşağıdakılardır:
Regionlarası Heyətin İdarəolunması Akademiyası (Ukrayna)
S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti (Ukrayna)
İvanovo Dövlət Universiteti (Rusiya Federasiyası)
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası (Ukrayna)
Karazin adına Xarkov Milli Universiteti (Ukrayna)
Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya Federasiyası)
Poltava İqtisadiyyat və Ticarət Universiteti (Ukrayna)
Avropa Universiteti (Gürcüstan)
Gürcüstan Texniki Universiteti (Gürcüstan)
- Azərbaycanda fəaliyyət göstərən xarici təhsil müəssisələrinin diplomları tanınırmı?
Azərbaycanda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin diplomları Azərbaycanda tanınmır. Buna səbəb həmin müəssisələrin Azərbaycanda akkreditə olmamasıdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Qurum bildirib ki, müraciətlər əsasən aşağıdakı təhsil müəssisələrindən olub:
Dağıstan Dövlət Universiteti
Cənubi Rusiya Humanitar İnstitutu
Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
Rusiya Dövlət Sosial Universiteti
Moskva Dövlət Açıq Universiteti
Regionlararası Heyətin İdarəolunması Akademiyası
Müasir Humanitar Akademiya
"YUJDAQ" İnstitutu
Dnepropetrovsk Milli Universiteti
Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
Anadolu Universiteti
Agentlik açıqlayıb ki, yalnız aşağıda adları qeyd edilən ali təhsil müəssisələri tərəfindən (qeyd olunan illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar Azərbaycanda tanınır:
Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində). 2006-cı ildən Akademiya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsisçiliyi ilə "Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası" adı ilə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir;
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı 27.02.2009-cu ildən etibarən);
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı 15.05.2015-ci ildən etibarən). (Pravda.az)