ABŞ-da yaşayan təqaüdçü həkim Manfred Şteyner 89 yaşında doktoranturanı bitirib.
Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vyana Universitetindən 1955-ci ildə tibb diplomunu aldıqdan bir neçə həftə sonra ABŞ-a köçən Şteyner Tafts Universitetində hematologiya və Massaçusets Texnologiya İnstitutunda biokimya təhsili alaraq, tibb professoru olub.
Qan və qan xəstəlikləri sahəsində uğurlu karyerası olan Şteyner 1985-1994-cü illərdə dünyanın ən nüfuzlu universitetlərindən Braunda tibb fakültəsinin hematologiya bölməsini idarə edib.
2000-ci ildə təqaüdə çıxdıqdan sonra xəyalını gerçəkləşdirmək üçün çalışmağa başlayan Şteyner 70 yaşında Braun Universitetində fizika üzrə bakalavr təhsili almağa başlayıb.
2007-ci ildə doktorantura proqramına başlamaq üçün kifayət qədər bal toplayıb. O, fizika üzrə doktoranturanı tamamlamağın gənclik arzusu olduğunu bildirib.
Şteyner qeyd edib ki, gənclik illərində Albert Eynşteyn və Maks Plankın kitablarını oxuduqdan sonra fizik olmağa qərar verib. Ancaq İkinci Dünya Müharibəsindən sonra anası və əmisi onu tibb oxumağa yönləndirib.
“Nəhayət, bacardım. Fizika təhsilimi tamamlamaq həyatımın ən sevindirici nöqtəsi idi”, - o vurğulayıb.