Logo

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində ADNSU tələbələri ilə görüş keçirilib

12.11.2021 11:32 418 baxış
IMG

Noyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ilk olaraq universitetdə ADNSU-nun məzun şəhidlərinin xatirəsinə yaradılmış abidə ziyarət edilib. Daha sonra dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış ediblər. Onlar  öz nitqlərində Vətən müharibəsi haqqında maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış qəhrəmanlarımızın tanıdılması və gənc nəslə örnək olmasının  vacibliyini vurğulayıblar.

Çıxışların ardınca 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən video-çarx nümayiş olunub. Tədbir çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnal haqqında, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytı haqqında təqdimatla çıxış ediblər.

“Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev öz çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu, xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması və ərazi bütövlüyümüzü bərpa etməsi haqqında danışıb.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Cavid Həsənov, Hüseynalı Hüseynalıyev və Kamal Abasov çıxışları zamanı 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü dövlət, güclü ordu strategiyasından, həmçinin ordu-xalq birliyindən danışıblar. Qazilərimiz Vətən müharibəsində mərd oğullarımızın yüksək peşəkarlıq nümayiş etdirdiklərini, Vətənimizin ərazi bütövlüyünün təmin olunduğunu qeyd ediblər və qazandıqları əbədi zəfərlə qürur duyduqlarını bildiriblər. Çıxışlar zamanı Vətən müharibəsində ADNSU-nun məzunlarının da böyük fədakarlıq göstərdiyi vurğulanıb və buna görə qazilərimiz universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin gedişatında qonaq qazilərimiz tələbələrin suallarını cavablandırıblar, keçdikləri döyüş yolu haqqında tələbələrə daha ətraflı məlumat veriblər. Xüsusi təyinatlı qazilərimiz döyüşdə qazandıqları uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın uzaqgörən strategiyası, əsgər və zabitlərimizdə birlik və ruh yüksəkliyinin olduğunu vurğulayıblar.

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından ADNSU-nun tələbəsi Rüfət Rüstəmov çıxış edərək 44 günlük Vətən müharibəsindən, qazandığımız əbədi zəfərdən və döyüş meydanı ilə yanaşı, azərbaycanlı gənclərin informasiya müharibəsində göstərdiyi fədakarlıqdan danışıb.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri davam etməkdədir.

Xəbər lenti