Azərbaycanda kollec bitirmiş uşaq bağçaları müdirlərinin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Həmin informasiyada bildirilir ki, bütün ali təhsili olmayan şəxslər bağçalara rəhbərlikdən kənarlaşdırılır.
Tehsil.biz xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Məktəbəqədər Təhsil Müəssisəsləri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlayıb. İdarədən sorğumuza cavab olaraq bildirilib ki, hazırda Bakı şəhərində belə hal yoxdur: “Bakıda bağça müdirlərinin demək olar ki, hamısı ali təhsillidir. Kollec təhsili olanlar da uzun illərdir həmin vəzifədə çalışırlar. Paytaxtda 340-dan çox uşaq bağçası var və heç birində belə hal baş verməyib”.
Qeyd edək ki, qanunvericiliyə görə, bağça müdiri olmaq istəyənlər üçün müəyyən tələblər mövcuddur. Belə ki, bağça müdirləri məktəbəqədər təhsil və ya idarəetmə üzrə ali təhsilə, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olmalıdırlar. Həmçinin bu vəzifə üçün orta ixtisas təhsili və məktəbəqədər təhsil müəssisəsində 5 ildən az olmayaraq pedaqoji təcrübə tələb olunur.
Məlumat üçün bildirək ki, məktəbəqədər təhsil müəssisəslərinə rəhbər təyinatı, işçi qəbulu müsabiqə yolu ilə həyata keçirilmir.