Logo

Aşıq Ələsgər işığında...

14.11.2021 09:55 773 baxış
IMG

Tanrı ona istedad, güclü fəhm, incə duymaq qabiliyyəti bəxş etmişdi. Xalq şeirinin tükənməyən sərvətidir O! Böyük sənətkar Aşıq Ələsgər aşıq poeziyasının zirvəsini fəth edib və bu poeziyaya məzmun, forma rəngarəngliyi, xalq dilini gətirib.

Aşıq Ələsgərin atası Göyçə mahalının Ağkilsə kəndinin hörmətli şəxslərindən biri olmaqla yanaşı, həm də bədahətən şeir demək, şeir yazmaq məharətinə sahib idi. Bu qabiliyyət genetik olaraq oğluna ötürülmüşdü.

Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməsə də, sənətin sirlərini el sənətkarları və ağsaqqallarının yanında öyrənirdi. Çox güclü yaddaşı vardı və eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayaraq, sonra da çətinlik çəkmədən danışa bilirdi. Aşığın irsini araşdıran tədqiqatçıların sözlərinə görə, Ələsgər müxtəlif və rəngarəng yaradıcılıq nümunələri ilə özündən sonra gələn sənətkarlara, aşıqlara da güclü təsir göstərib.

O, bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilirdi və öz yaradıcılığında geniş yer verirdi:

Ələsgər haqq sözün isbatın verə,

Əməlin mələklər yaza dəftərə.

 

Hər yanı istəsə, baxanda görə,

Təriqətdə bu sevdalı gərəkdir.

...Aşıq Ələsgərin duyğu və düşüncələri təbiətə, həyata, gerçəkliklərə münasibətindən doğaraq lirik parçalara çevrilirdi. Onun şeirlərinə “Ya Əli”, “Dağlar”, “Yaylaq”, “Pəri”, “Mələk”, “Sarı köynək” və digər nümunələri misal göstərmək olar. Aşıq Ələsgərin şeirləri xalq dilimizin necə də zəngin və axıcı olduğunu bir daha sübut edir. Onun poeziyasında Azərbaycan dilinin orijinal ifadə vasitələri, ana dilimizin qüdrəti, ahəngdarlığı, musiqisi var. El sənətkarının şeirləri dilimizin gözəlliyini özündə daşıyır və gələcək nəsillərə ötürür; poeziyasındakı fəlsəfi fikirlər bir sıra mətləblərə aydınlıq gətirir. “Bir mərd ilə acı yesən, şirindi, yüz namərdlə şəkər yesən dad olmaz” misralarının mesajı atalar sözlərinin hikmətinə bərabərdir. Aforizmlər, hikmətli ifadələr Aşıq Ələsgər poeziyasının fəlsəfəsini keçmişdən bu günə gətirərək, gələcəyə doğru aparır...

Aşıq Ələsgər öz yaradıcılığı ilə söz xəzinəmizə neçə-neçə qiymətli əsərlər bəxş edib. Bu əsərlərin dəyəri zaman keçdikcə daha da artır. Onda gizlənən hikmət, məna və fəlsəfə illər, əsrlər keçsə də itməyəcək, söz xəzinəmizin ən qiymətliləri olaraq zamanla qoşa addımlayacaq.

Görkəmli söz ustadı Aşıq Ələsgərin bu il  200 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsi ana dilimizə, söz xəzinəmizə, ədəbiyyatımıza verilən  misilsiz qiymətdir.

Yeva FƏRƏCOVA,

Bakı şəhər 53 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

Xəbər lenti