Logo

“Araşdırmalardan sonra qəti qərar verdim ki, seçimim Bakı Ali Neft Məktəbi olacaq”

14.11.2021 22:28 533 baxış
IMG

Əlehsan Əliyev 2004-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Bakı şəhəri 48 nömrəli məktəbdə orta təhsilə başlayıb və bu məktəbin məzunudur. Buraxılış və qəbul imtahanlarında 679,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter mühəndisliyi ixtisasına daxil olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir.

- Bakı Ali Neft Məktəbinə marağınız necə yarandı?

-Bakı Ali Neft Məktəbi barədə həm anam, həm də tanışlarım, dostlarım məlumat verir və bu təhsil ocağını seçməyimi məsləhət görürdülər. Bu müsbət rəylərdən sonra mən də araşdırmalar apardım. Bu qədər tərifli sözlər danışılan Ali Məktəb haqqında daha dərindən maraqlandım, məlumatlar oxudum. Geniş məlumatlar əldə etdikdən sonra qəti qərar verdim ki, seçimim Bakı Ali Neft Məktəbi olacaq.
 
-Seçdiyiniz Kompüter mühəndisliyi ixtisası barədə nə deyə bilərsiniz? Bu seçiminiz necə oldu?

-Mənim anam Azərbaycandakı ali məktəblərdən birində Kompüter mühəndisliyi ixtisası üzrə dərs keçir. Bu ixtisası ilk növbədə anam mənə sevdirib. Mənim də kompüter elmlərinə, yeni texnologiyalara böyük marağım yaranıb. Buna görə də bu ixtisası özümə uyğun hesab etdim və həmin ixtisasda təhsil almaq qərarına gəldim.
 
-İmtahanlara necə hazırlaşırdınız?

-Mən birinci sinifdən dərslərimi yaxşı oxumuşam, əlaçı olmuşam. Bütün fənlərə marağım olub. Bizim imtahanlara hazırlaşdığımız dövrdə pandemiya səbəbindən dərslər onlayn rejimdə keçirilirdi. Buna görə bir sıra çətinliklərlə üzləşdik. Lakin bəzi çətinliklərə baxmayaraq onların öhdəsindən gəldim və  düşünürəm ki, kifayət qədər uğurlu nəticə göstərdim.
 
-Adınızı Prezident təqaüdçüləri arasında görəndə hansı hissləri keçirdiniz?

-Açığı, mən əvvəlcədən bu siyahıda olacağımı bilmirdim. İnternetdə təsadüfən Prezident təqaüdçülərinin adlarının açıqlandığı barədə xəbəri gördüm və bu xəbərdə adımı görəndə xeyli təəccübləndim. Təəccüblə yanaşı, böyük sevinc hissi də yaşadım. Əslində yaşadığım hisslər ifadəedilməzdir. Anam, yaxınlarım da bu xəbərə çox sevindilər. Prezident təqaüdçüsü adına sahib olmaq böyük şərəfdir.
 
-Gələcək hədəfləriniz nədir?

-Bakı Ali Neft Məktəbində bakalavr təhsilimi yüksək göstəricilərlə yekunlaşdırdıqdan sonra magistratura səviyyəsində də təhsil almaq istəyərəm. Təhsil aldığım müddətdə özümü inkişaf etdirərək, daha aktiv olaraq, digər hədəflərimi müəyyənləşdirəcəyəm.
 
-Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz?

-Kitab oxumağı çox xoşlayıram. Elmi kitablar mənim daha çox diqqətimi cəlb edir. Bu mövzuda çoxlu mütaliələr edirəm. Eyni zamanda, futbola da marağım var. Bəzən dostlarımla futbol da oynayıram.

Xəbər lenti