Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tariximizdə şanlı səhifə açdı.
Xəbər verir ki, bu fikri Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüşündə ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova söyləyib.
Səfir bildirib ki, azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür: “Azərbaycan Prezidentinin xalqa müraciətində dediyi kimi, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
Elmira Axundova vurğulayıb ki, hər bir uğurun kökündə güclü təhsil dayanır. Ona görə də xaricdə təhsil alan azərbaycanlı tələbələr daha bilikli olmalarını qarşılarına məqsəd qoymalıdır. Sonra həmin biliklərlə Azərbaycanın inkişafına çalışmalıdırlar.
Səfir Elmira Axundova və universitetin rektoru, tarix elmləri doktoru, professor Aleksey Nestulya Mərkəzdə yaradılan şəraitlə də tanış olublar.
Qeyd olunub ki, Mərkəzdə mütəmadi olaraq dəyirmi masalar, ulu öndər Heydər Əliyevə həsr edilmiş kitabların müzakirəsi təşkil edilir, elm və mədəniyyət nümayəndələri ilə görüşlər, Ukrayna-Azərbaycan dostluğu gecələri, Azərbaycanın milli və dövlət bayramları, anım günləri keçirilir. Hazırda ukraynalı tələbələr Mərkəzdə Azərbaycan, türk və rus dillərini, “Azərbaycan multikulturalizmi” fənnini öyrənir, Bakıda beynəlxalq qış və yay multikulturalizm məktəblərində fəal iştirak edirlər.
Mərkəz 2011-ci ilin sentyabrın 8-dən Poltava İqtisadiyyat və Ticarət Universiteti ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayıb.
Səfir Mərkəzə Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar, o cümlədən ulu öndər Heydər Əliyev haqqında müəllifi olduğu kitabları hədiyyə edib.
O, həmçinin universitetin muzeyi, orada Azərbaycana aid eksponatlarla tanış olub.