Aslanov Eldar İkram oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
tədris işləri üzrə prorektoru,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Noyabrın 12-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Türk dünyasının tarixinə yazılan bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”ni təqdim edib.
Dövlət başçısının bu ali mükafatla təltif olunması İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə və türk dünyasında nüfuzuna əsaslanır. Bir ildir dünya ölkələri Azərbaycanın tarixi Zəfərindən bəhs edir. 30 ilin işğalına son qoyan Azərbaycan bununla bütün sahələrdə malik olduğu imkanları dünyaya göstərdi. Qeyd edilməlidir ki, bütün cəbhələrdə qalib olmaq üçün güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq arenada önəmli mövqeyə, müstəqil xarici siyasətə malik olmaq lazım idi. Ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu illər ərzində buna nail oldu. Azərbaycanın beynəlxalq aləmdə təqdimatı bugünkü reallıqlarımızdır.Ordu quruculuğu sahəsində görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verdi. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan Ordusu 44 gün ərzində tarixi zəfərə imza atdı.Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi də Vətən müharibəsində tarixi Zəfərimizə əsaslanır. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.
Göründüyü kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Ölkə Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirərək bildirmişdir ki, sevincimi ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir. Bu mükafat təkcə Müzəffər Ali Baş Komandan, bu günlər qardaş Türkiyədə deyildiyi kimi, İkinci Qarabağ müharibəsinin Qəhrəmanı cənab İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
Ötən dövr ərzində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında rolu və mövqeyi yüksələn xətt üzrə inkişaf edib.2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub.
Bu gün biz əminliklə vurğulaya bilərik ki, Prezident İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb və bu fakt uzun illərə söykənir.Xatırladaq ki, 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev vurğulamışdı: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”.
Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazıb.Bu baxımdan, Türk dünyasının ali mükafatı ilə təltif edilən Prezident İlham Əliyev həm Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən mütərəqqi siyasətçi kimi, həm də Türk coğrafiyasının təməllərini möhkəmləndirən mütərəqqi şəxsiyyət olaraq tükənməz dəyər qazanıb.