1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi Yeni Azərbaycan Partiyasının yaranması idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır günlərində Azərbaycan ziyalılarının təşəbbüsü,fəal iştirakı və Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ulu öndər Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etdi və 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını keçirdilər. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda təsis konfransı keçirildi. Təsis konfransında YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP yarandı.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, İlham Əliyev prezident, daha sonra YAP-ın 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi.
Bu gün bütün sahələrdə qazanılan uğurlar və Vətən müharibəsindəki Şanlı Qələbə nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Əlbəttə ki, bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində mümkün olub. Ona görə də tam əminliklə demək olar ki, yaranmasının 29 ilini qeyd etdiyimiz YAP ümumxalq partiyasıdır. Bu partiyanın sıraları hər il durmadan genişlənir. İyirmi doqquz illik şərəfli tarixə malik YAP bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.
Mustafayev Məharət
4 nömrəli tam orta məktəbin direktor əvəzi